Hakan Fidandan xəbərdarlıq: Dünya savaşının başlayacağı yeri göstərdi
Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzzada törətdiyi qırğın və Rusiya-Ukrayna savaşı Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. Onun fikrincə, dünya bu ssenarini ciddi qəbul etməlidir, belə bir risk var.
Fidanın bu açıqlamasını şərh edən türkiyəli analitik Mustafa Yıldız dünyanın həqiqətən də yeni müharibəyə sürükləndiyini iddia edir.
Analitik hesab edir ki, İkinci Dünya Müharibəsindən sonra qurulan nizam artıq işləmir və dağılmaq üzrədir:
“İkinci Dünya Müharibəsindən sonra qurulan Birləşmiş Millətlər Təşkilatı adlı bir qurum var. Adı bütün xalqları əhatə edən ifadəni ehtiva etsə də, struktur olaraq 5 böyük ölkənin (ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya) insafına buraxılmış bir nizama malikdir. BMT-nin alt qurumlarında da vəziyyət çox da fərqli deyil.
Avropa Biriyi adlanan bir qurum da var – “Xristian Qərblilər” klubu. Bir də ancaq ABŞ-nin təhlükəsizliyini düşünən NATO mövcuddur.
Dünyanın mövcud iqtisadi sistemi dolların hakim olduğu bir sistemdir. Yəni güclünün zəif üzərində hökmranlıq etdiyi bir sistemdən danışırıq.
Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi başqa qurumlar da var, amma hələlik effektli gücdən danışmaq mümkün görünmür.
1945-ci ildə qurulan nizamın sarsıdıldığı göz qabağındadır. Böyük dövlətlər müxtəlif bəhanələrlə zəif bölgələrə hücum etməyə başlayıblar”.
Yıldız onu da qeyd edib ki, dövlətlər terror təşkilatlarından dünya tarixində heç vaxt olmadığı qədər istifadə etməyə başlayıblar:
“Hakan Fidanın dediklərinin boş olmadığını görmək olar.
Fidan çıxışında mövzuları verdi: Rusiya-Ukrayna müharibəsi, rejimlə müxalifət arasında qarşıdurma, NATO-dakı durum, Avropada radikal sağın yüksəlişi, süni intellektin inkişafı, Qəzzadakı müharibənin təhlükəli genişlənməsi, terrorla mübarizə.
Genişbucaqlı obyektivlə baxanda böyük müharibənin zənglərinin çalındığını görürük”.