Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hücum diplomatiyası tövsiyəsinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, silahlı separatçılıq siyasəti nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların, xüsusilə də mülki əhalinin məruz qaldığı etnik təmizləmə, qətliam və soyqırımı faktlarının sənədli materiallar əsasında beynəlxalq aləmə çatdırılması üzrə silsilə tədbirlər davam edir.
Bu silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyi və Dövlət Komissiyası Azərbaycan Mədəniyyət Mərkəzində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirib. Konfransda Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan Assosiasiyalarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfransı səfirliyimizin müşaviri Vaqif Ağayev açaraq, Dağlıq Qarabağ münaqişəsi, onun ən qanlı səhifəsi olan Xocalı faciəsi haqqında məlumat verib. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından söz açaraq, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyib. Bildirib ki, beynəlxalq hüquq normaları 28 ildir kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, Ermənistan onlara riayət etmir.
Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımının dünyada tanınması məqsədilə İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kompaniyası aparılmasından danışıb. Diqqətə çatdırıb ki, bu kampaniya sayəsində bir çox ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb.
Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin sayəsində hüquqi-siyasi qiymət verilib.
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək, ermənilərin Qafqaza köçürülməsi tarixindən danışıb. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bölgəyə gətirdiyi ağır humanitar problemlərdən söz açıb. Bildirib ki, erməni silahlı qüvvələri, terrorçu-quldur dəstələri azərbaycanlıları qətlə yetirərək, tarixi-etnik torpaqlarından didərgin salıblar. Azərbaycanın işğal olunmuş ərazilərindən əsir və girov götürülmüş mülki əhaliyə qeyri-insani münasibət göstərilib, işgəncələr verilibdir. O, əsir və girovlara verilən işgəncələrdən danışaraq, Cenevrə Konvensiyasının bir çox maddələrinin pozulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistan hərbiçilərinin əsir və girov götürülmüş azərbaycanlılarla davranışları və əsirlərin saxlanma şəraiti beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Cenevrə Konvensiyalarının ziddinə olaraq, müxtəlif məlumatların əldə edilməsi üçün əsirlərə dəhşətli işgəncələr verilib. Əsir və girovlar üzərində tibbi və digər eksperimentlər aparılıb. Əsir-girovların hədə-qorxu və şantaj vasitəsilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsindən, Azərbaycana qarşı terror- təxribat törədilməsindən danışıb.
Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsinin Xocalı soyqırımı olduğu vurğulanıb. E. Səmədov Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib. Ermənistanın 12 avqust 1949-cu il Cenevrə Konvensiyaları ilə yanaşı, beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, insanlığa və bəşəriyyətə qarşı cinayət əməllərini davam etdirdiyini bildirib.
“Azərbaycan 2016-cı ildə əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi barədə beynəlxalq təşkilatların vasitəçiliyi ilə təklif irəli sürsə də, Ermənistan Respublikası humanitar məsələdən siyasi məqsədləri üçün istifadə etməyə uğursuz cəhdlərini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyi, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə ölkəmizin bu humanist mövqeyini dəfələrlə ifadə edibdir”,-deyə E. Səmədov söyləyib.
Bildirib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb və Azərbaycanın mövqeyini bir daha vurğulayıb. Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların azad edilməsinin vacibliyini bir daha vurğulayıb.
E. Səmədov çıxışının sonunda bildirib ki, beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı sadaladığı faktların tarixi və hüquqi məsuliyyəti Ermənistanın üzərində qalır.
Çıxışlardan sonra Dövlət Komissiyasının materialları əsasında hazırlanan, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən fransız dilində “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.
Müxtəlif dövrlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayət əməlləri, o cümlədən terror, soyqırımı, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq hüquq norma və hüquqların pozulması və digər faktları əks etdirən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr Dövlət Komissiyası tərəfindən müxtəlif dillərdə hazırlanmış kitab, broşür, elektron və digər əyani vəsaitlər, eləcə də “Bitməyən əzab” sənədli filminin diskləri tədbir iştirakçılarına paylanılıb.