Camal Zeynaloğlu- Xocalının qətl günü

                                                                                                 II hissə

 

                                                                              Rusları “Əsgəran” əməliyyatı 

 

        Təxminən martın 4-5-i olardı. Xəbər gəldi ki, Göytəpə deyilən ərazidə yerləşən rus hərbi hissəsindən bir batalyon əsgər hərbi texnika ilə gəlib. Onlar guya azərbaycanlılara kömək məqsədilə Əsgərana hücum edəcəklər. Onların BTR-ləri, tankları və bir neçə topu vardı. Rus zabitləri dedilər ki, əməliyyat planı hazırlayıblar və Əsgərana hücuma keçəcəklər. Bu hücum əməliyyatı general Dadaş Rzayevin rəhbərliyi altında olacaqdı. Bu barədə Nəsimi məlumat əldə edəndən sonra generalın yanına getdi. Ştab İcra hakimiyyətinin binasında yerləşirdi. Nəsimi hücum əməliyyatı barədə generaldan soruşanda, Dadaş Rzayev dedi ki, Əsgərana hücum əməliyyatı hazırlayırlar, ruslar da kömək edəcək. Bunu eşidəndə Nəsimi gülərək dedi: 

–   Cənab general, Xocalını qətlə yetirən elə ruslardır da. İndi xeyir ola, onlar bizə kömək edirlər? Bəlkə, vicdanları cuşa gəlib? Bu necə olan şeydir, mən anlamıram. Bu olsa-olsa bizi sakitləşdirmək üçün rusların bizə qarşı növbəti taktiki oyunudur. Çünki onlar bizə kömək etmək istəsəydilər, Xocalı əldən getməmişdən öncə kömək edərdilər. Amma bunu etmədilər.
       Buna baxmayaraq Əsgərana hücum əməliyyatı hazırlandı. Ruslar Bağbanlar tərəfdən beş saata yaxın toplardan, Qradlardan, tanklardan Əsgəranı mərmi yağışına tutdu. Onlar Əsgərandakı fin evlərini, Əsgəran qalasını, onun arxasındakı Xanabadı vurdular. Nəsimi isə reaktiv qurğuları hazır vəziyyətdə saxlayaraq rusların bu artilleriya hazırlığının nə ilə nəticələnəcəyini gözlədi. Artilleriya atəşindən sonra BMP-lər, BTR-lər və piyada hissələri hücuma keçdilər. Amma onların haraya getdikləri, haranı alacaqları hələlik Nəsimi üçün müəmmalıydı. Rusların bir dəstəsi Qaraqaya istiqamətində hərəkət etdi. Burada bir şey maraqlı idi ki, əks tərəfdən, yəni ermənilərdən bircə atəş səsi belə gəlmirdi. Bir saat keçdikdən sonra rus əsgərləri itkisiz-filansız geri qayıtdılar 

         Bəli, bu rusun azərbaycanlıları sakitləşdirməkdən ötrü növbəti oyunu idi. Burada belə bir sual yaranır. Ruslar həmin vaxt azərbaycanlılara kömək etmək məqsədləri vardısa, o zaman onlar Xocalını niyə geri almadılar?! Və yaxud Əsgəranı niyə almadılar? Bəli, görünən kəndə bələdçi lazım deyildi… 

         Bu tapmacalı hücum əməliyyatından sonra Nəsimi Quliyev götürdükləri tanış meyitləri valideynlərinə təhvil verərək  qardaşı Aqilin yas mərasimində iştirak etmək üçün Bakıya gəldi. 

    

                                                                                               Yeni batareya yaradılır 

 

           Rəhmətlik Aqilin yas mərasimindən sonra Nəsimini Müdafiə Nazirliyinə çağırdılar. Orada ona dedilər ki, nazirliyin tərkibində yeni Artilleriya İdarəsi yaradılır. Artilleriya İdarəsinə  rus ordusunda xidmət etmiş, hazır kadr olan podpolkovnik Əli Bağırov rəhbərlik edəcək. Həmin batareya  Zığ ərazisində yerləşirdi. Nəsimiyə dedilər ki, reaktiv maşınların sayı artırılacaq. Amma həmin batareyaya rusiyada Artilleriya Məktəbini bitirmiş leytenant Cəsarət Rüstəmov başçılıq edəcək. Nəsimi də həmin batareyada kəşfiyyat bölüyün komandiri kimi fəaliyyət göstərəcək. Burada artilleriya və reaktiv qurğular üzrə əsasən keçmiş döyüşçülər və Politexnik institutunu bitirmiş uşaqlardan seçim etdikdən  və təlim keçdikdən sonra may ayında onlar döyüş bölgəsinə yollandılar. Batareya yenə də əvvəlki yerində, Göytəpədə yerləşdi. Amma buna baxmayaraq təcrübəli bir mütəxəssis kimi batareyaya komandirlik yenə də Nəsimi Quliyevin üstündə qaldı. 

           O zaman Uzundərədə podpolkovnik Elxan Orucovun rəhbərlik etdiyi 708-ci briqada yerləşirdi. Nəsimi kəşfiyyat qrupunu Şellinin sol istiqamətində, Naxçivanikin altındakı yüksəklikdə yerləşdirmişdi. Onu da qeyd edək ki, bu yüksəklik Fred Asifin batalyonunun əlindəydi. Həmin yüksəklikdən  teleskopla Xocalı aeroportu aydın görünürdü.  

           Bir gün Nəsimi teleskopla aeroporta tərəf baxanda gördü ki, ayrı-ayrı vaxtlarda oraya təyyarələr düşür. Həmin təyyarələri vurmaq üçün  Nəsimi Artilleriya İdarəsinin baş zabiti podpolkovnik Əli Bağırova məlumat verdi. Podpolkovnik dedi ki, buna görə yuxarının icazəsini almalıdır. Bundan sonra Nəsimi Elxan Orucova müraciət etdi. E.Orucov bunu eşidən kimi, dərhal həmin təyyarələrin vurulmasına göstəriş verdi. Onu da deyək ki, Elxan Orucov çox qeyrətli və qorxubilməz bir zabit idi.                                       

                                                                            Xocalı aeroportu vuruldu 

 

          E.Orucovun razılığından sonra Nəsimi aeroportu gecə-gündüz nəzarətə götürdü. Buraya gələn təyyarələr ermənilərə silah-sursat gətirirdilər. İki gündən sonra Xocalı aeroportuna gündüz saatlarında iki təyyarə düşdü. Əvvəlcə bir təyyarə düşdü. O uçuş zolağından keçərək  gəlib dayanma meydançasında durdu. Nəsimi tələsmək istəmədi. O, ikinci təyyarənin də dayanma meydançasına gəlməsini gözlədi. Bu vaxt reaktiv maşınlar hazır vəziyyətdə komanda gözləyirdi. Komandir dayanma meydançasının koordinatlarını qabaqcadan dəqiq hazırlatmışdı. Atəş əmri verildi. Reaktiv qurğularda çıxış şahmat formasında olur. Yəni birinci lülədən çıxış olur, sonra 16-dan çıxır və beləliklə, mərmilər lülələrdən şahmat üsuluyla bir-bir atılır. Atəşdən sonra aeroportu toz-duman bürüdü. Toz-dumanla bərabər bir-birinin ardınca güclü partlayışlar oldu. Həmin partlayışlar təyyarədə silah-sursat olduğunu bir daha təsdiq etmiş oldu. Həmin axşam Rusiyanın NTV+ kanalı xəbər verdi ki, Xocalı aeroportu Ağdam istiqamətindən URAQAN atəşinə məruz qalıb. Ölənlər arasında qadın və uşaqlar da var.  

         Əlbəttə, ruslar bu dəfə də azərbaycanlılara qarşı yalan maşınını işə salaraq ermənilərə göndərdikləri silah-sursatı qadın və uşaqlarla səhv salmışdılar. Bu hadisə 1992-ci ilin may ayında oldu. 

         Bu hadisədən sonra təxminən iyirmi gün Xocalı aeroportuna heç bir təyyarə düşmədi. Bundan sonra Naxçivanik istiqamətində döyüşlər başladı. Əməliyyat planları artıq hazırdı. Əməliyyat planına əsasən sağ istiqamətdən 703-cü briqadanın komandanı Nəcməddin Sadıxov hücum edəcəkdi. Tərtər, Ağdərə, Marquşavan, sonra Papravənddən Minaxorlu kəndinə qədər olan ərazidən isə 708-ci briqada, yəni podpolkovnik Elxan Orucovun briqadası, Beyləqan istiqamətindən isə 161-ci briqada  eyni vaxtda hücuma keçəcəkdi. Bu əməliyyat iyun ayına planlaşdırılmışdı. Hücum eyni vaxtda başladı və bir günə Naxçivanik, Pircamal, Aranzəmin kəndləri ermənilərdən alındı. Həmin vaxt 703-cü briqada da Marquşavanı aldı. Marquşavanın alınmasında batalyon komandiri Şahin Tağıyevin xüsusi xidməti oldu. Sonra üç günə Ağdərə (keçmiş Mardakert) alındı. Ağdərə Dağlıq Qarabağda ərazisinə və əhalisinə  görə ən böyük rayon idi. Təkcə onu qeyd etmək kifayətdir ki, 1992-ci ilin yayında Dağlıq Qarabağ adlanan ərazinin yarısı – Ağdərə bölgəsi, Əsgəranın və Xocavəndin bir çox kəndləri düşməndən azad edildi, ermənilər Xankəndi ətrafına qədər sıxışdırıldı. Orada təkcə Vəng qalmışdı. 

          Yəni, 16 iyun 1992-ci ildə Azərbaycan Ordusu Ağdərə rayonuna 4 istiqamətdən – Tərtər, Ağdam, Goranboy və Kəlbəcərdən genişmiqyaslı güclü hücuma keçdi. Hücumda 123, 703, 708, 701, 235, 778, 224, 820 saylı hərbi hissələr, OMON, Daxili Qoşunlar alayı, Ağdam polis batalyonu, Ağdam özünümüdafiə alayı, “Qatır Məmməd” adına batalyon, “Milli Qurtuluş”, Tərtər özünümüdafiə batalyonu, 1-ci Göranboy, 2-ci Göranboy, Xanlar, Bərdə batalyonları, “Azadlıq” batalyonu, Migəçevir-1, Mingəçevir-2 batalyonları, Zaqatala rotası və başqa qüvvələr iştirak edirdilər.  

        Əvvəlcə gərgin döyüşlər Ağdərə rayonun ətraf yüksəklikləri və kəndləri uğrunda aparıldı. Həmin vaxt Madagiz, Tonaşen, Karmiravan, Cerabert, Akop-Kamari, Minqrelsk, Maqavuz, Metsşen, Sırxavənd, Ballıqaya, Kiçan, Baş və Orta Güneypəyə, Canyataq, Gülyataq, Levonarx, Həsənqaya və başqa kəndlər ermənilərdən təmizləndi. 

         Ağdərə əməliyyatı hələ davam edirdi. Belə ki, 701-ci briqada qərbdən Ağdərənin Getavan, Qozlu Körpü, Çapar, İmarət-Qərvənd, Aterk, Zeylik, Umudlu kənd və qəsəbələrini düşməndən azad edərək, Sərsəng gölünün şimal sahilini tamamilə tutdu və Tərtər çayının cənub sahilinə keçərək, Vaquazı tutdu. 

          Həmin vaxt ordumuzun əsas məqsədi Vəngə çıxmaqdı. Vəngi götürəndən sonra Xaçınçaya çıxmaq asan olacaqdı. Xaçınçayın digər ucu Fərruxa qədər uzanıb gedirdi. Döyüşlərin qızğın çağında Müdafiə Nazirliyində dəyişiklik oldu. Rəhim Qazıyev Müdafiə naziri oldu. O zaman ruslarla təhvil-təslim əməliyyatları başladı. Həmin vaxt Nəsimi Quliyev diviziya komandiri oldu. Rusların silah-sursatının Azərbaycana təhvil verməsi nəticəsində Nəsiminin diviziyasındakı reaktiv maşınların da sayı artdı. Silahlar tam təhvil alınandan sonra Nəsimi bir diviziyanı Füzuli istiqamətində, bir diviziyanı Ağdam istiqamətində, bir diviziyanı da Ağdərə istiqamətində yerləşdirdi. 

          Sonrakı hücum planlarının çoxu Gəncədə hazırlanırdı. Məsələn, Fərrux və Vəng istuiqamətində hücum planı hazırlandı, amma uğursuzluqla nəticələndi. Bu istiqamətdə iki dəfə böyük hücum oldu. Amma hər iki hücumda çoxlu Azərbaycan əsgəri həlak oldu. Çünki hücum planlarından ilk öncə rus agenturası xəbər tuturdu və dərhal da onları ermənilərə ötürürdülər. Hücum planı olan paket qərargahda açılmamışdan qabaq, bu barədə artıq çayxanada danışılırdı ki, sabah Azərbaycan Ordusu haraya hücum edəcək. Əməliyyat planı haqqında kənd camaatı danışırsa, bu necə plan hazırlamaqdı?! 

          Onu da qeyd edək ki, Fərrux və Vəng istiqamətində hazırlanmış hücum planı Azərbaycan Ordusu üçün çox mühüm strateji əhəmiyyət kəsb edirdi. Fərruxu və Vəngi ələ keçirmək Xaçınçaya çıxmaq deməkdi. Xaçınçaya çıxmaq isə Xocalının ətraf kəndlərini, eləcə də Xankəndini aydın görmək deməkdi. Buradan reaktiv qurğularla həm Xankəndini, həm də Xocalının bütün ətraf kəndlərini vurmaq çox asandı. Nəsimigilin batareyası Xaçınçaya çıxsaydılar, Xankəndində bircədənə də olsa erməni qalmayacaqdı. Necə ki, onlar Xanabadda, Əsgəranda ermənilərin yaşamasına imkan vermirdilər. Amma bütün cəhdlərə baxmayaraq Xaçınçaya çıxmaq mümkün olmadı. Çünki həmin strateji mövqelər rusların hərtərəfli köməyi sayəsində ermənilər tərəfindən möhkəmləndirilmişdi. 

 

                                                                                                                                                                  Camal ZEYNALOĞLU, 

                                                                                                                                                                                       yazıçı-publisist 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password