Türkiyə tarixində ilk: Ərdoğan niyə G7-yə dəvət edildi? – Sürpriz Qarabağ mesajı

 

İtaliyada keçirilən G7 liderlər zirvəsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla digər mühüm dövlət liderləri də dəvət olundu. Sammitə xüsusi dəvətlə qatılan Türkiyənin iştirakı mürəkkəb qlobal məsələlərdə mühüm tərəfdaş kimi artan rolunu göstərir.

Bunu italiyalı siyasət elmləri üzrə akademik Valeriya Canotta “Anadolu” üçün yazdığı məqalədə deyir.

Mütəxəssis hesab edir ki, G7 sammitində verilən əsas mesaj Qlobal Cənubla dialoqu genişləndirməklə bağlı olub. İtaliya Baş naziri Corciya Meloni də zirvədə Qərblə Şərq arasındakı körpüyə xüsusi vurğu edib. Roma “Mattei Planı” adlandırdığı Avropa Birliyinin Qlobal Keçid Projesinə fokuslanıb.

Canotta qeyd edir ki, bu yenilənmiş yanaşma həm də Türkiyə kimi digər mühüm aktorlarla güclü əlaqələrə əsaslanır.

“Meloninin bu ilin yanvarında İstanbula səfəri iki lider arasındakı qarşılıqlı hörmət və rəğbətə əsaslanan bağı daha da gücləndirdi. Səfər çərçivəsində xüsusilə İtaliya üçün çox vacib miqrasiya ilə bağlı mühüm əməkdaşlıq sazişi imzalandı. Bu dostluq, hörmət və qarşılıqlı rəğbət ruhunda Meloni Ərdoğanı şəxsən G7-yə dəvət etməklə Türkiyə üçün tarixi bir ilkə imza atdı”, – məqalədə bildirilir

Canottanın sözlərinə görə, G7 ölkələri və Qərb Ukraynanı hərbi cəhətdən gücləndirərkən, Türkiyə daha çox Kiyev və Moskva arasında vasitəçilik məsələsinə diqqət çəkir: “Bu, Türkiyə ilə G7 arasındakı incə fərqə işarə edir. Türkiyənin bu səyi Rusiya və Ukrayna tərəfindən tanınır, Qərb bloku tərəfindən yüksək qiymətləndirilir”.

G7 Ukrayna ilə yanaşı, sürətlə dəyişən beynəlxalq sistemin çağırışlarını da müzakirə edib. Bunlara miqrasiya, Afrika ilə tərəfdaşlıq, Yaxın Şərqdəki müharibə, ekologiya, enerji və süni intellekt kimi məsələlər daxildir. Əslində bütün bu məsələlər Türkiyənin xarici siyasət gündəmində prioritetdir. Bu kontekstdə Ankara çoxtərəfli və əməkdaşlıq yanaşmasına uyğun qlobal baxışa malik regional balanslaşdırıcı aktor kimi seçilir.

Türkiyə Rusiya-Ukrayna müharibəsindəki kritik rolundan əlavə, hazırda Qəzza zolağına atəşkəs və həll arayışındadır.

İtalyan akademik Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki roluna da toxunur: “Ankara Suriya, Liviya və Qarabağ kimi döyüş bölgələrində çoxtərəfli mexanizmlər vasitəsilə mühüm atəşkəslərə vasitəçilik edib. Eyni zamanda, Türkiyə beynəlxalq humanitar yardımın əsas donoru və təcrübəli maraqlı tərəfi kimi yüksəlir. Bu kontekstdə təxminən 4 milyon suriyalıya ev sahibliyi etməkdə Türkiyənin oynadığı böyük rol diqqət çəkir”.

Akademik yazır ki, miqrasiya məsələsində Türkiyə AB və bütün beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu sübut edib: “Regional siyasəti sayəsində Türkiyə sərhəd təhlükəsizliyi və miqrasiya axınına nəzarətlə bağlı bəzi mühüm razılaşmaların tərəfinə çevrilib. Miqrasiya məsələsi İtaliyanın G7-dəki gündəmində birinci yerdədir. Ona görə də Afrikaya yenidən maraq, təhlükəsizlik və sabitliyin təminatçısı kimi tarixi və legitim payı olan Türkiyə ilə əməkdaşlıq yanaşmalarına əsaslanır”.

Məqalədə vurğulanır ki, təhlükəsizlik və enerji kimi kritik məsələlərin müzakirəsindən sonra Qlobal Cənubla G7 ölkələri arasında konstruktiv dialoq yaranır. Bundan əlavə, Türkiyənin təchizat və qlobal dəyərlər zəncirinin yenidən formalaşdırılmasına verdiyi töhfə də var. Ətraf mühitin qorunmasına sadiqlik, təbii fəlakətlərə cavab vermə hazırlığı, enerjinin şaxələndirilməsi siyasəti, rəqəmsal və texnologiya innovasiyası da Ankaranı G7-də əsas tərəfdaş mövqeyinə yüksəldir.

Canotta sonda qeyd edir ki, Ərdoğanın hər masada müdafiə etdiyi “Dünya beşdən böyükdür” prinsipi yeni beynəlxalq arxitektura üçün oyanış çağırışı yaradır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password