KORONAVİRUSUN İQTİSADİ FƏSADLARI:yoxsulluq və ümidsizlik virusları hər gün daha çox sayda qurban doğurur
İran indi Çindən kənarda yeni Koronavirusun yayılmasının mərkəzlərindən biridir: rəsmilər ən azı 12 nəfərin ölümü ilə nəticələnən 61 virusa yoluxmanın təsdiqləndiyini bildirib. Bəzi məlumatlara görə, həqiqi rəqəmlər Tehranın açıqladığından daha yüksəkdir. İranın qonşuları, o cümlədən əsas ixrac bazarları olan İraq və Türkiyə sərhədlərini bağlayıb və hava nəqliyyatı ilə səfərləri ləğv edib.
Bu məhdudiyyətlər aylar boyu davam edə bilər və Tramp administrasiyasının 2018-ci ilin noyabr ayında təkrar qüvvəyə mindirdiyi sanksiyaların doğurduğu 18 aylıq dərin tənəzzül sonrası bərpa əlamətləri göstərən İran iqtisadiyyatına zərər verəcək.
Beynəlxalq Valyuta Fondu İran iqtisadiyyatının 2019-cu ildə 9.5% böyüdüyünü açıqlayıb, ilin son 3 ayında qeyri-neft sektorlarında istehsalın bərpası ilə 0.9% böyümə olub. İran sənayesi il ərzində ayda orta hesabla 3,5 milyard dollar gəlir gətirən qeyri-neft ixracatında dayanıqlılıqdan faydalanıb. Son bir ildə təkcə İraqa aylıq ixracat orta hesabla 650 milyon dollar, Türkiyəyə isə 400 milyon dollara çatıb.
İndi virus İranı sanksiyaların bacara bilmədiyi şəkildə təcrid edir: qeyri-neft ixracatı regional bazarlara çıxa bilməyəcək.
İqtisadiyyat üçün narahatlıqlar artıq İranın xarici valyuta bazarlarını zəbt edib. Rəsmilər ölkənin ilk iki Koronavirus ölümünü fevralın 19-da elan etdikdən sonra rial dəyərinin 7% -ni itirib.
Baş verə biləcək epidemiya qorxusu və bunun İran iqtisadiyyatına təsiri valyuta bazarlarında sabitləşməyə başlayan inflyasiyanı daha da artıracaq. İstehlak, son 1 ildə 40%-ə qədər inflyasiyaya baxmayaraq, olduqca sabit qalıb. Lakin İran tacirləri qarşıdan gələn mart tətili ilə bağlı martın 20-də da başlayan və iki həftə davam edəcək ənənəvi satış artımına ümidli idilər.
Artıq bu, şübhə altındadır. İqtisadçı Zəhra Kəriminin qeyd etdiyi kimi: “Virusun yayılması insanları lazımsız səfərlər, alış-veriş və maliyyə əməliyyatlarından çəkindirir, İran iqtisadiyyatının enişini artırır”.
Erkən göstərici olaraq İran ev təsərrüfatlarının ənənəvi olaraq Novruz bayramı öncəsi həyata keçirdikləri “bahar təmizliyi”nin bir hissəsi olan xalça yuma xidmətlərinə tələbat 40% azalıb.
İqtisadi zərərin özəl xarakteri iqtisadçılar və müəssisə rəhbərlərinin kəskin tənqidinə səbəb olub. Yoluxmanın ilk günlərdə məmurlar əsasən Çinlə xalq diplomatiyasından narahat idilər. İkitərəfli ticari əlaqələri qorumaq üçün digər ölkələr bunu ləğv edərkən, Çinə uçuşları davam etdiriblər. İran ixracatçıları Çinə gigiyena vasitələri göndərir, ehtiyac duyduğu anda Pekinə kömək edirdilər. Tehranın nəhəng Azadi Qülləsi “Uhana virusla mübarizədə kömək edək” çağırışı ilə işıqlandırılıb.
Bu həmrəylik aktlarının iranlılar üçün yaratdığı təhdidə barmaqarası baxılıb. İran Ticarət Palatasının üzvü Əli Şəriəti istehzalı “tweet” atıb: “Milli maraqlarımız naminə Çinə “Mahan Air”-in uçuşlarını qoruduq və onlara iki milyon maska göndərdik. İndi bizdə Koronavirus var və maska yoxdur… Gözəl deyilmi?”
Palatanın vitse-prezidenti Pedrəm Soltani hökumətin uğursuzluğunu İran iqtisadiyyatında “Çindən balanssız bir asılılığın” sübutu olaraq xarakterizə edib. Səlahiyyətlilər Koronavirusun Çinin iqtisadiyyatına təsirinin hər halda ikitərəfli ticarəti zəiflədəcəyini başa düşə bilməyiblər.
Çinlə ticarət əlaqələrini qorumaq üçün səhv bir səy göstərərək, İran özündə ictimai sağlamlıq böhranı yaradıb. Bu idarəetmə səhvləri İran cəmiyyətində bir çox kəsin, xüsusən də son 1 ildə əhəmiyyətli iqtisadi çətinliklərlə üzləşənlərin arasında hökumətə ciddi inamsızlığın olduğu bir vaxtda daha ziyanlıdır.
Görkəmli sosioloq və siyasətçi Abbas Əbdi Koronavirusun daha geniş iqtisadi və sosial problemlər ilə əlaqəsi haqqında yazarkən, iddia edib ki, hökumətin virusun qarşısını almaq üçün tətbiq etdiyi tədbirlər “artıq təzyiq altında olan ailələr” üçün əlavə çətinlik yarada bilər.
Səlahiyyətlilər iqtisadi böhranı cilovlamağa çalışdıqları üçün ictimai nəqliyyatdan istifadəyə qoyulan məhdudiyyətlər, ərzaq bazarlarının bağlanması və insanları iş yerlərindən uzaqlaşdıran karantinlər dövlət-cəmiyyət münasibətləri üçün Koronavirusun özü qədər təhlükəlidir. Əbdinin yazdığı kimi, hətta COVID-19-dan əvvəl “yoxsulluq, ədalətsizlik və ümidsizlik virusları” “hər gün çox sayda qurban” doğurub.
İndi İran hakimiyyəti birdən çox xəstəliyi müalicə etməyə can atır.
“Bloomberg”, 26.02.2020 Tərcümə: Strateq.az