Azərbaycan 2023-cü ildə Türkiyəyə qaz tədarükçüləri arasında ikinci yeri tutub
2023-cü ildə Türkiyəyə qaz nəqlinin ümumi həcmində Azərbaycanın payı 20,32 % təşkil edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) 2023-cü ilin yekunlarına dair hesabatına istinadən xəbər verilir.
EPDK-nın məlumatına görə, 2022-ci ildə Azərbaycan “mavi yanacağı”nın Türkiyənin qaz idxalında payı 15,93 % təşkil edib.
2023-cü ildə isə Azərbaycandan Türkiyəyə qaz təchizatı 2022-ci ilin göstəricisini 17,8 % üstələyərək 10,257 milyard kubmetr təşkil edib.
Qeyd edilib ki, 2023-cü ilin sonunda Azərbaycan TOP-3-ə daxil olub və Türkiyəyə təbii qaz tədarükçüləri arasında ikinci yeri tutub. Birinci yerdə Rusiya (2023-cü ildə Türkiyəyə tədarük olunan qazın ümumi həcmində onun payı 42,27 % təşkil edib), Əlcəzair üçüncü yerdədir (11,86 %).
TOP-5-ə həmçinin İran (10,71 %) və ABŞ (7,95 %) daxil olub.
Ümumilikdə, Türkiyə 2023-cü ildə 50,484 milyard kubmetr qaz idxal edib (7,6 % az).
Qurumun məlumatına əsasən, 2023-cü ildə altı şirkət Türkiyəyə qaz idxal edib. Eyni zamanda, BOTAŞ 2023-cü ildə ölkəyə bütün “mavi yanacağ”ın (boru kəməri və mayeləşdirilmiş təbii qaz daxil olmaqla) idxalının 90,45 %-ni təşkil edən qazın əsas idxalçısı olub. Ötən il Türkiyəyə idxal olunan bütün qazın 0,97 %-i və ya 488,4 milyon kubmetri “SOCAR Enerji Ticaret Anonim Sirketi”nin payına düşüb.