Dünyanın gözü Bakıda – Yeni eranın başlanğıcı…
Artıq Bakıda dünya səviyyəli, mühüm tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Bu gün yenə dünyanın gözü Bakıdadır. Belə ki, paytaxtda enerji həftəsi keçirilir. Bir neçə saat əvvəl Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edib. İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Hansı ki, bu müqavilə ilə Azərbaycanın neft tarixində yeni dövrün əsası qoyulub. Məhz bugün, əsası qoyulan layihələri də bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı hesab etmək olar. Bugün dünya Azərbaycanın yanındadır.
30-dan çox ölkədən 300-dək şirkətin iştirakı tədbirin xüsusi əhəmiyyətli olmasını deməyə əsas verir. Bu tədbir çərçivəsində dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gəlib. Tədbirdə əsas diqqət çəkən məqam ABŞ prezidenti Cozef Baydendən gələn məktub olub. Bunun nadir hal olmasını xüsusilə nəzərə almaq lazımdır.
ABŞ Dövlət başçısı müraciətində bildirib ki, COP29 Azərbaycanın metan və neft-qaz sektorunun emissiyalarını məhdudlaşdırmaq, eləcə də təmiz enerji keçidini inkişaf etdirmək kimi mühüm qlobal təşəbbüsləri irəli sürməsi üçün unikaldır, çünki biz temperatur artımının 1,5 dərəcə Selsi həddində saxlanılması üzərində kollektiv şəkildə çalışırıq.
Xatırladım ki, bu artıq həftə ərzində Cozef Baydendən gələn ikinci məktubdur və bu müraciət Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə çox gözəl cavabdır. Bakı-Vaşinqtion əlaqələri daha da inkişaf edə bilər. Lakin, bu ABŞ-nin bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorumasından asılıdır.