Rusiyadakı bu prosesdən ən çox Bakı faydalandı – De Vaal
Cənubi Qafqazın üç ölkəsindən ən böyüyü və ən zəngini olan Azərbaycan Rusiyanın bəzi bölgələrində baş verən dəyişikliklərdən ən çox faydalanandır.
Bu barədə ingilis politoloq, qafqazşünas Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc edilən geniş, qalmaqallı və mübahisəli məqaləsində bildirib.
“Bakı Şərq-Qərb enerji siyasətinin oyunçusudur, iki boru kəməri ilə Gürcüstan və yaxın müttəfiqi Türkiyə vasitəsilə nəql olunan neft və qazı Avropa və beynəlxalq bazarlara çatdırır. İranla həmsərhəd olan Azərbaycan həm də Moskva ilə Yaxın Şərq arasında şimal-cənub qapısı rolunu oynayır”, – o qeyd edib.
De Vaal iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiya Azərbaycana qarşı yeni strateji dönüşə başlayıb:
“Görünür, sülhməramlıların çıxarılması Bakı ilə Moskva arasında tam razılaşmanın əsas tərkib hissəsidir. Rusiya sülhməramlıları getdikdən cəmi beş gün sonra Əliyev Moskvaya səfər edib və orada iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə edib. Danışıqlardan sonra Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Azərbaycan öz dəmir yolu infrastrukturunu modernləşdirəcək və bu, Rusiya ilə ticarəti əhəmiyyətli dərəcədə genişləndirəcək.
Moskva üçün bu, Ukraynadakı müharibənin yaratdığı iqtisadi boşluğu kompensasiya etmək baxımından ticarət yolları yaratmaq müstəvisində Qərblə yarışın bir hissəsidir. Müharibə başlayandan bəri Qərb hökumətləri və şirkətləri “Orta Dəhliz” adlanan, Qərbi Çin və Mərkəzi Asiyadan yüklərin Rusiyadan yan keçərək Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropaya daşınmasını təmin edən marşrutu modernləşdirməyə çalışıblar. Rusiya da öz növbəsində Gürcüstan və Azərbaycan vasitəsilə Yaxın Şərq və Hindistanla əlaqələrini genişləndirməyə çalışır. Rusiyanın Cənubi Qafqazda dəyişən ambisiyalarının əsas hissəsi İrana quru nəqliyyat marşrutlarının bərpasıdır. Ən cəlbedici marşrut Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı, Ermənistanın cənubundan keçən və Azərbaycanı həm İran, həm də Türkiyə ilə həmsərhəd olan Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yolu xəttidir. 47 millik marşrutu (Ermənistandan keçən hissə 47 mil deyil, 42 km-dir – red.) yenidən açmaqla Moskva Ukraynada döyüşən rus qoşunlarının mühüm silah tədarükçüsünə çevrilmiş Tehranla birbaşa dəmir yolu əlaqəsinə malik olacaq (İranla birbaşa dəmiryol əlaqəsi üçün Şimal-Cənub dəhlizi daha cəlbedicidir – red.). Əslində, bu şimal-cənub oxu İkinci Dünya Müharibəsi zamanı “Fars dəhlizi” kimi tanınan şeyi – İrandan şimala, Azərbaycandan Rusiyaya gedən və ABŞ-ın SSRİ-yə lend-liz yardımının ən azı yarısını təmin edən avtomobil və dəmir yolu marşrutunu effektiv şəkildə canlandıracaq. Qəribədir ki, eyni ox indi Moskvanın ABŞ və Qərbə qarşı indiki mübarizəsində həyati əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Tomas de Vaalın müzakirə üçün açıq olan bu geniş analizində erməni maraqlarının təbliği və həqiqətin təhrifi çılpaq şəkildə hiss olunur./axar.az