Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

 

Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları, eləcə də Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əklil və gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.

Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində bu cür görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşlər zamanı qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluq ifadə edilib.

Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunların qərargahını ziyarət ediblər. Qərargahda təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password