“Bizi xaos gözləyir” – “Putin mənimlə şəxsi söhbətində dedi ki…”
Qriqori Yavlinski: “Dünyada çox pis şərtlər yaranıb, dialoq aparası heç kim yoxdur, diplomatiya yoxdur”
Tanınmış və təcrübəli Rusiya siyasətçisi, müxalif “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski “Exo Moskva”nın efirində növbəti dəfə Rusiyada və dünyada baş verən proseslərə maraqlı şərh verib.
Rusiyalı siyasətçi ölkəsində yaranmış avtoritar rejimin köklərinin 90-cı illərdəki islahatlar zamanı buraxılan cinayət xarakterli səhvlərə gedib çıxdığını, Putinin hakimiyyəti dövründə bu prosesin daha da gücləndiyini, dövlətlə oliqarxiyanın birləşdiyini, korrupsiyanın idarəetmə sisteminin təməlinə çevrildiyini, cəmiyyətin bir subyekt kimi aradan çıxdığını və bütün bunların Ukraynaya hücumu labüd hala çevirdiyini deyib.
Bununla yanaşı, Yavlinski dünyada Ukraynadakı savaşı durdura biləcək nüfuzlu, ağır çəkili liderin, yaxud siyasətçinin qalmadığını da deyib: “Repressiya çarxı daha da güclü fırlanacaq. Əgər məndən soruşsanız ki, siyasi sistem necə olacaq, nə gözləməliyik? Xaos gözləməliyik! Bu, çox ciddi məsələdir və bu, müxtəlif miqyaslarda bütün dünyanı əhatə edəcək, təkcə bizi yox! Elə işləmək lazımdır ki, bu təhlükənin miqyası azalsın, biz isə əks istiqamətdə çalışırıq”.
Yavlinski indiki Rusiya idarəetmə sisteminin öz əsaslarını 1990-cı illərdə Boris Yeltsinin dövründə aparılan cinayətkar özəlləşmə prosesindən, səhv islahatlardan götürdüyünü, hakimiyyətə yaxın oliqarxların iqtisadiyyatı ələ keçirdiyini və sonradan Putinin dövründə müstəqil məhkəmə, mətbuat, parlament və digər institutların tamamilə aradan qaldırıldığını, nəhayət, oliqarxların da Putinin tabeliyinə keçdiyini deyib.
Yavlinski bu sistemin dəyişdirilməli olduğu barədə Vladimir Putinlə söhbət etdiyini, lakin onun bu təklifdən qətiyyətlə imtina etdiyini deyib: “Bu sistemdə müstəqil məhkəmənin, parlamentin, mətbuatın olması mümkünsüzdür. Çünki onlar müstəqil olsalar, hesab soracaqlar. Bu sistemin fundamenti korrupsiya ilə qoyuldu.Ondan çıxmaq cəhdləri isə qətiyyətlə bloklandı. Vladimir Putin şəxsən mənə uzun və ciddi söhbətimiz zamanı dedi ki, xeyr, sistemi belə də saxlayacağıq. Yeri gəlmişkən, o, bir müddət əvvəl yenə də Anatoli Çubaysın və Yeqor Qaydarın “islahatlarını” dəstəklədi, hazırda da dəstəkləyir…”
Yavlinski Rusiyadakı və Ukraynadakı korrupsiyanın fərqi ilə bağlı da maraqlı fikirlər səsləndirib: “Bizdə sistem mülkiyyətlə dövlətin qarışması, birləşməsi əsasında qurulub. Bax, fundament budur, bunu haqlı olaraq, korrupsiya, oliqarxiya, korporativ dövlət və s. adlandıra bilərsiniz… Fundament korrupsiyadır. İndi böyük müəssisələrin, şirkətlərin müstəqil mülkiyyətçiləri yoxdur. Onlar hamısı bunu müəyyən müddətə istifadə üçün alıblar… Ukraynada da hazırda böyük korrupsiya var. Lakin orada korrupsiya həyat şəraitinin yaratdığı törəmə kimi üzə çıxır, bizdən fərqli olaraq, korrupsiya siyasi sistemin fundamenti deyil! Ona görə də onlarda rəqabətli seçkilər olur…”.
Yavlinski müasir dünyadakı vəziyyətə və Rusiyanın ona təsirinə də toxunub: “Cəmiyyət olmayanda və hakimiyyət bir nəfərin əlində toplaşanda, o, nə istəyirsə, onu da edir. Eyni zamanda, dünyada çox pis şərtlər yaranıb. Dialoq aparası heç kim yoxdur, diplomatiya yoxdur, ən çətin vəziyyətlərdə çətin danışıqlar apara biləcək adamlar – məsələn, Kissincer, Bzejinski və s. yoxdur. Dünya miqyaslı hər hansı bir məsələ ilə bağlı heç kim heç kiminlə danışıq apara bilmir. Mən bununla Rusiyanın siyasətinə bəraət qazandırmıram… Cəmiyyət siyasətdə iştirak etmədiyi, azad seçki olmadığı, müstəqil partiyalar, KİV-lər olmadığı halda, belə ölkədən nə gözləyirdiniz?”
Yavlinski hər şeyə rəğmən vəziyyətin dəyişəcəyinə inandığını deyib: “Mən gələcəyə inanıram. İnanıram ki, müəyyən bir an gələcək və biz həmin ana hazır olmalıyıq. Bunun üçün sadəcə, günahın kimdə olduğunu deyil, nə baş verdiyini və vəziyyəti düzəltmək üçün nə etməli, nəyi dəyişməli olduğumuzu anlamalıyıq…
Ukraynada isə dərhal atəşkəs əldə olunmalıdır, yoxsa biz çox uzağa gedəcəyik. Taktiki nüvə silahı təlimlərinin elan edilməsi və ümumilikdə dünya düzənindəki qarışıqlıq çox ciddi məsələdir. Yaxın Şərq məsələsi həll olunmur, Si Cinpin Avropaya gəlir və vəziyyəti düzəltmək üçün heç bir addım atılmır. Onu ancaq bazar maraqlandırır… Dünyanın bu cür fraqmentləşdirilməsi çox böyük fəsadlar verəcək”.