“Putin Patruşevin üstündən xətt çəkdi…” – “Yeni nazirin qarşısna iki əsas vəzifə qoyulub”

 

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi. Çünki Putin Krımın ilhaqı kimi Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu olan müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi”.

Bunu politoloq Elxan Şahinoğlu Rusiya hakimiyyətində yeni təyinatları şərh edərkən deyib.

“Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi. Çünki bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı büruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Kreml sahibi Sergey Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək”, – təhlilçi əlavə edib.

Ekspert hesab edir ki, Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib: “Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək. İkincisi, Belousov ordunun təchizatını modernləşdirilməlidir”.

E.Şahinoğlunun sözlərinə görə, Andrey Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. “Kreml sahibinə ordunun maliyyəsinə və təchizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və onun müavinləri başçılıq edirlər və onlar birbaşa Putinə hesabat verirlər”, – o qeyd edib.

Politoloq hesab edir ki, Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var: “Patruşev bu vəzifədə ikən yerli və xarici ekseprtlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi”.

Bəs Şoyqunun Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı? Elxan Şahinoğlu deyir ki, bunu indidən söyləmək çətindir. Onun sözlərinə görə, Putin Şoyqunu yanında saxlamaq istəyir: “Ancaq Şoyqu müharibənin gedişatında Putinin etibarını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə zaman bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o bunu son anda müəyyənləşdirəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password