Bu ayın sonunda Qarabağda nə baş verəcək? – Sülhməramlılardan sonra…
Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Azərbaycan ərazisində qalan bir qrup sülhməramlı isə may ayının sonunda tamamilə gedəcək.
”Reuters” agentliyinin ötən həftə Müdafiə Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumat bu ayın sonunda Cənubi Qafqazda yeni dövrün başlanacağı gözləntisini ön plana çıxarır.
Burada “bölgədə bundan sonra nələr baş verə bilər, Rusiya Cənubi Qafqazı tamamilə tərk edirmi” sualları da yaranır.
Rusiyalı hərbi analitik Pavel Felqenqauer bildirib ki, Rusiya sülhməramlıları Qarabağa daxil olanda Moskvanın orada qalmaq, missiyanı uzatmaq istədiyi bəlli idi: “Bu plan yaxın dövrə qədər belə idi. Lakin görünür, hansısa mərhələdə Azərbaycanla razılığa gəlmək mümkün olmayıb. Çünki sülhməramlıların bölgədə qalması üçün ermənilərin yenidən Qarabağda yaşaması lazımdır, amma bu baş vermədi.
Bu baxımdan, sülhməramlıların may ayının sonuna qədər tamamilə gedəcəyi məlumatı artıq realdır. Bəziləri bunu Rusiya üçün məğlubiyyət hesab edir, bəziləri düşünür ki, təbii prosesdur. Çünki böyük müharibə gedir və digər zonalardan açıq şəkildə geri çəkilmə var. Belə fikirlər də var ki, Rusiyanın Osetiya və Abxaziyada mövcudluğu indiki mərhələdə kifayətdir və Ermənistanla dərinləşən ziddiyyətlərlə yanaşı, Azərbaycanla problemlər və sülhməramlıların Qarabağda saxlanılması perspektivi cəlbedici deyil. Ola bilsin ki, bir yerdə güzəşt etmək, digər yerdə qazanmağı təmin edir”.
Rusiyalı analitik hesab edir ki, müəyyən dəyişikliklər müşahidə edilsə də, Moskva Cənubi Qafqazla bağlı siyasətini köklü şəkildə dəyişməyəcək.
“Arıq bir çox şey dəyişib, Qarabağ faktoru yoxdur. Gələcəkdə yollarla bağlı məsələ geosiyasi rəqabətin ən kəskin mövzusuna çevriləcək. Koordinasiya proseslərində hansı geosiyasi mərkəzlər iştirak edəcək, hansı marşrutlar, hansı statusda razılaşdırılacaq və onlara kimin ciddi nəzarəti olacaq. Rusiya da bütün bu prosesdə iştirak edəcək”, – o diqqətə çatdırıb.