Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır
Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə 4 kəndin Azərbaycana qaytarılması dünyada böyük səs-səda yaratdı.
Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri və “İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O qeyd edib ki, bu, Azərbaycanın yeni uğurlarından biridir.
“Bu, onu göstərir ki, Azərbaycan öz torpaqlarını heç vaxt başqasına buraxmayacaq. Təbii ki, dörd kəndin geri qaytarılması çox vacibdir. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa keçirilən səkkizinci görüşdə digər ölkələrin müdaxiləsi olmadan bu kəndlər qaytarıldı. Nə Avropa İttifaqı, nə ABŞ, nə də Fransa bu işə qarışdı. Bu, o deməkdir ki, uzaq ölkələrin, regiona heç bir aidiyyəti olmayan ölkələrin müdaxiləsi problemi yalnız uzadır. Ona görə də bura kölgə salmasınlar, qarışmasınlar, onlardan heç nə gözlənilmir. Çünki sülh müqaviləsinin imzalanmasının uzanmasının səbəblərindən biri başqa dövlətlərin bu prosesə müdaxilə etməsi, ona kölgə salmasıdır. Deməli, kölgə salmasalar, bu problemləri həll etmək mümkündür.
Bu, dünyaya çox-çox önəmli bir mesajdır. Bundan əlavə, bu dörd kəndin ikitərəfli danışıqlar yolu ilə Azərbaycana qaytarılması onu göstərir ki, hazırda sülh sazişinə gedən yol yaxın və qısadır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq”, – deyə o bildirib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında deyilir ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.