Azərbaycan və Qazaxıstanla iqtisadi layihələr Ermənistan üçün dividendlər yaradır – Qazaxıstanlı ekspertlər
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən işğal olunmuş Qazax rayonunun 4 kəndini bir güllə belə atmadan geri qaytarmağa nail oldu. Dövlət başçısının 2020-ci ildə başlatdığı proses və bununla əlaqədar görülən intensiv işlər, göründüyü kimi, öz məntiqi sonluğunu tapıb.
Bu barədə Qazaxıstanın “Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu”nun direktoru Talgat Kaliyev deyib.
Regionda yeni təhlükəsizlik konfiqurasiyasını şərh edən qazaxıstanlı politoloq qeyd edib ki, bir sıra sazişlərin imzalanması ilə başa çatan Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu iki ölkə arasında yekun sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyiş olaraq qiymətləndirmək mümkündür.
“Hazırda İrəvan yetərincə siyasi yetkinlik və müdriklik nümayiş etdirir, belə ki, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi və Ermənistanın yaxın qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilk növbədə müsbət iqtisadi perspektivlər əldə etməyə və ticari qarşılıqlı əlaqələr qurmağa, o cümlədən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafından müsbət gəlir əldə etməyə imkan verəcək”, – o deyib.
Ekspertin sözlərinə görə, İrəvan bu istiqamətdə irəliləyəcək.
“Üstəlik, hazırda bu prosesə Bakı və İrəvana diplomatik səfərlər edən və hər iki ölkənin liderləri ilə görüşən prezident Kasım-Jomart Tokayev səviyyəsində danışıqçı qismində Qazaxıstan da cəlb olunub”, – deyə politoloq əlavə edib.
Qazaxıstanlı siyasətçi, Beynəlxalq İT Universitetinin Qazaxıstan Tarixi və Media Kommunikasiyaları kafedrasının professoru Saken Mukan isə öz növbəsində Trend-ə bildirib ki, tərəflərin razılaşması və Azərbaycan kəndlərinin qaytarılması onun üçün gözlənilməz olmayıb.
“Son zamanlarda iki ölkə arasında münasibətlərin normallaşmasında aktivləşmə kifayət qədər sürətlə baş verir ki, bu da uzunmüddətli perspektivə malikdir. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması, eləcə də, “gərginləşmiş” Ermənistan-Rusiya münasibətləri bu gün İrəvanın gələcək regional iqtisadi layihələrinə cəlb olunmaq üçün öz milli maraqlarından çıxış etməsinə əsas verir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hazırda olduğu kimi, kifayət qədər məsrəfli və büroktatik yolla – Türkmənistan ərazisindən deyil, Azərbaycan və Qazaxıstan vasitəsilə Çin bazarına çıxmaqla regional iqtisadi layihələrdən kifayət qədər dividendlər əldə edə bilər.
Saken Mukan hazırkı mərhələdə sülh sazişinin gələcəyi ilə bağlı spekulyasiya etmək üçün hələlik tez olduğunu, lakin bu istiqamətdə müsbət proseslərin müşahidə olunduğunu qeyd edib.
“Hesab edirəm ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvana boşuna rəsmi səfər etməyib. Fikrimcə, səfərin məqsədi sülhün bərqərar olması üçün zəminin yoxlanılması və iki ölkə arasında razılaşma əldə etməkdən ibarətdir. Qazaxıstan prezidenti, həmçinin, danışıqlar üçün platforma təklif edib”, – o deyib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.