İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı?
HƏMAS-la İsrail arasında gərginlik səngiməmiş bəşəriyyət növbəti müharibənin baş vermə təhlükəsini yaşadı. Söhbət tarixə “qəribə” və “müəmmalı müharibə” kimi düşən İranla İsrail arasında yaşananlardan gedir. Əslində bu iki dövlət arasında qarşılıqlı hərbi həmlələrin baş verəcəyi gözlənilən idi. Aprelin 1-də İranın Dəməşqdəki konsulluğu bombalandıqdan sonra Tehran bunun anonsunu vermişdi. Aprelin 13-də İranın İsrailə bir neçə saatlıq hücumu Orta Şərqdə növbəti ciddi gərginlik potensialına malik hadisə kimi dəyərləndirilir. İranın İsrailə öz ərazisindən birbaşa və kütləvi miqyasda ilk hücumu ciddi müzakirə edilir. Hazırda nisbi sakitlik hökm sürsə də, İsrail növbəti hücumlarla hədələyir. Bəs proseslərin gedişi necə olacaq? Yeni dünya müharibəsi realdırmı? Suallar çox, cavablar isə qeyri-müəyyəndir. Məsələ ondadır ki, müharibə bütövlükdə nə İsrailə, nə də İrana sərf edir. İranın hücumunu çoxları daxili auditoriyaya hesablanmış addım hesab edirlər.
“Kaspi” qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:
Qərb mediasından fərqli münasibət
Qərb mediası baş verənlərə fərqli münasibət sərgiləyir. “İsrail ABŞ, Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın əməliyyatını dayandıra bilməzdi”, – bu iddia ilə “The Wall Street Journal” (WSJ) çıxış edib.
Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında “böyük rol oynayıblar”.
Bildirilib ki, İsrailin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini “daha zəif” edəcək. Bundan əlavə, Təl-Əviv Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır. WSJ daha əvvəl bildirib ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.
Beynəlxalq ictimaiyyətin reaksiyası
Diqqət çəkən bir faktı da qeyd edək. Dünyanın əksər ölkələri baş verənlərdə tərəf tutmadı. İstisnalar Avropa və ABŞ idi. Onlar İsraili dəstəkləyib, İranın hərəkətlərini pislədilər. Almaniya kansleri Olaf Şolts İranın hücumunu “məsuliyyətsiz addım” adlandırıb, Fransa Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Eyni zamanda, Qərb eskalasiyanın daha da artmasından qorxur.
Region ölkələrinə gəlincə, İsrailin Yəmən, Fələstin, Livan və İrandakı düşmənləri “qələbə”ni qeyd ediblər. İordaniya isə əksinə, İsraili dəstəkləyib. Əmman hesab edir ki, eskalasiya “İsrailin Qəzza zolağına təcavüzünün” sonlandırılması ilə dayandırılacaq. Səudiyyə Ərəbistanı narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.
Ankaraya gəldikdə, onun yaşananlara xüsusi baxışı var. Türkiyənin açıqlamasında İran və İsrailin qarşılıqlı hücumlarının regional müharibəyə çevrilmə ehtimalının nə qədər yüksək olduğu göstərilib. Maraqlıdır ki, İran İsrailə zərbə endirmək niyyəti barədə Türkiyəni əvvəlcədən məlumatlandırıb. Əməliyyatın sonunda Tehran Ankaranı yeni hücumlara başlamayacağına əmin edib. Suriyada hərbi hava qüvvələri ilə mövcud olan Rusiya da tərəf tutmayıb. Bununla belə, Xarici İşlər Nazirliyi İsrail səfiri Simone Halperini Rusiyanın “İranın ölkəyə kütləvi raket hücumunu pisləyəcəyi” gözləntilərinə görə tənqid edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova xatırladıb ki, İsrail “Kiyev rejiminin Rusiya bölgələrinə hücumunu” bir dəfə də olsun qınamayıb.
“Kim haqlıdır?”
Yeri gəlmişkən, iki ölkə arasında gərginlikdə tərəflərdən kimin daha çox məsuliyyət daşıması da müzakirə mövzusudur. Məsələ ondadır ki, İsrailin Dəməşqdəki İran konsulluğu ərazisinə hücumundan sonra Tehranın hansısa formada cavab verəcəyi bəlli idi. Çünki bu hücum beynəlxalq hüquq normalarına, o cümlədən, Vyana Konvensiyasına zidd addım kimi dəyərləndirilir. Diplomatik nümayəndəliyin ərazisi dövlətin suveren ərazisi sayılır və toxunulmazlıq statusuna malikdir. İsrail isə öz addımını onunla əsaslandırır ki, İran konsulluğun ərazisindən qeyri-diplomatik məqsədlər üçün istifadə edilib.
Tərəflərin siyasi hücumları davam edir
Son məlumatlara görə, İsrail hökuməti İranın hücumuna qarşı atacağı addımlarla bağlı yekun qərar qəbul etməyib. Ölkənin xarici işlər naziri İsrael Kats bildirib ki, nə qədər gec deyil, İran dayandırılmalıdır. O, İranın hücumuna hərbi cavabla yanaşı, diplomatik cavab zərbəsi də hazırlandığını bildirib. Nazir 32 ölkəyə məktub göndərdiyini, onlarla xarici işlər naziri və dünya liderləri ilə danışdığını, raket hücumuna görə İrana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, danışıqlarda İranı zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini istəyib. Bu çıxışlardan da göründüyü kimi, tərəflər arasında hərbi gərginlik zəifləsə də, siyasi və diplomatik müstəvidə qarşıdurma yeni mərhələyə adlayıb. Tərəflər hələlik hədə formasında da olsa, qarşılıqlı hücumları davam etdirəcəklərini gizlətmirlər. Bu açıqlamalar isə bir növ “səhnə”də divardan asılan tüfəngi xatırladır. Dünən İsrailin İrana endirdiyi cavab zərbələrinin miqyası və qeydə alınan göstəricilər də dediklərimizi bir daha isbatlayır.
Proseslərin gedişi onu deməyə əsas verir ki, əbədi düşmənlər yaxın perspektivdə irimiqyaslı müharibəyə başlamağa cürət etməyəcəklər. Əgər başlasalar, bu, növbəti dünya müharibəsi deməkdir.