“Sülhməramlıların taleyini bu əməliyyat həll etdi” – “Nəticədə Qafqaz kökündən dəyişdi”

 

“Rusiya sülhməramlılarına verilən qiymət bir məxrəcə gətirilə bilməz. Onların missiyası iki mərhələyə bölünməlidir: Noyabr 2020 – Mart 2022 və Mart 2022 – Sentyabr 2023”.

Bunu tanınmış rusiyalı politoloq, Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov “Forbes” jurnalında dərc olunan məqaləsində qeyd edib.

Markedonov yazıb ki, məhz 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi hərbi əməliyyat Rusiyanın bölgədəki mövcudluğunun taleyini həll etmiş olub. Lakin Rusiyanın Ukraynada başlatdığı müharibə də bu məsələdə az rol oynamayıb: “Əgər birinci mərhələ Moskvanın müstəsna rolunu saxlamaq, “dağlıq Qarabağ”ın “status” problemlərinin həllini daha yaxşı günlərə təxirə salmaq istəyi ilə səciyyələnirdisə, ikinci mərhələ üçün həlledici olmasa da, çox mühüm fon Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ının başlanğıcı oldu”.

 

 

Onun fikrincə, Qərblə qarşıdurma Qarabağdakı nizamlanma prosesinə qədər uzandı və ATƏT-in Minsk Qrupunun formatı bloklandı. Markedonov qeyd edib ki, Rusiyanın Türkiyə və Azərbaycandan asılılığı xeyli artıb. Eyni zamanda, Ermənistan rəhbərliyi müəyyən dəyişiklikləri hiss edərək, iki nəticəyə gəlib: “Birincisi, Rusiyadan uzaqlaşmaq zərurəti, ikincisi isə ABŞ, Fransa və bütövlükdə Aİ-nin zəmanətləri ilə Qarabağ “yükündən” məcburən imtina etməkdir. Bütün bunlar Ankara ilə Bakının getdikcə daha sıx qarşılıqlı əlaqəsi fonunda baş verir. Bu mövcud potensialların məcmu effekti 2023-cü ilin sentyabrında(Azərbaycanın uğurlu hərbi əməliyyatı nəzərdə tutulur-red.) baş verdi. Nəticədə Qafqaz kökündən dəyişdi və Rusiya sülhməramlılarının Qarabağ torpaqlarında qalma zərurəti sual altında qaldı”.

Markedonov həmçinin, yekun nəticələrə gəlməyə və hökm verməyə tələsməməyə çağırır. Onun fikrincə, bununla da Rusiyanın Qafqazdakı mövcudluğu bitmir: “Bəli, çoxları üçün rusların getməsi məğlubiyyət kimi qəbul ediləcək. Qarabağdakı sülhməramlılarla bağlı bütün hekayə göstərir ki, siyasət mümkün olanın sənətidir. Prioritetlərin dəqiq müəyyənləşdirilməsi tələb olunduğu zaman bütün “sahələri” nəzarət altında saxlamaq çətindir”.

“AzPolitika.info”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password