“Bu, fiaskodur” – “300 PUA bir strateji nöqtəni belə vura bilmədi”
“İran 300 pilotsuz uçuş aparatı (PUA) və 100 raketlə İsrailin tək bir strateji hədəfini belə vura bilmədi. Bu hücum İranın daxilindəki kütlələri razı salmaq üçün həyata keçirilmişdi”.
Türkiyə mətbuatı xəbər verir ki, bunu İran kəşfiyyatının keçmiş direktoru Əli Rizai deyib.
“İsrail Dəməşqdə tək raketlə 7 yüksək rütbəli əsgərİ və 4 diplomatı öldürüb və nəticə əldə edib. 300 PUA və 100 raketlə tək bir strateji hədəfə belə yaxınlaşa bilmədik. Çünki planlaşdırma fərqli formada aparılmışdı. Bu hücum daxildəki kütlələri razı salmaq və Yəmən, Suriya və İraq kimi ölkələrdəki milisləri ruhlandırmaq məqsədi daşıyırdı. Bu qərar masa arxasına aparılan müxtəlif danışıqlar nəticəsində qəbul edilmişdi. Ona görə də İsrail və ya ABŞ-dən heç bir güclü cavab olmayacaq”,-deyə o qeyd edib.
O, bildirib ki, İranın məqsədi PUA və raketlərin hədəfə çatması yox, onun görüntüləri olub:“Onlar bunu daxildəki təzyiqlərə qarşı bir güc nümayişi kimi təqdim etdilər. Guya bu, İsrailin hərbi və strateji cəhətdən fiaskoya uğradığı bir əməliyyat idi. İrandakı auditoriya bu təbliğata inanır”.
Hərbi strateq Gürsel Tokmakoğlu isə sözügedən hücumla bağlı bunları deyib: “Saatda 180 kilometr sürətlə hərəkət edən PUA-lar 1700 kilometr uzaqdakı hədəflərə göndərildi. Bu əslində bir növ tədbir alın xəbərdarlığı idi. PUA-ların gedişatı və hansı sektorun vuracağı əvvəlcədən müəyyən idi. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla 10 gün idi ki, İsraildə idi. Onlar hər cəhətdən təşkilatlanmışdılar. Hava dəstəyi olmayan PUA-ların demək olar ki, hamısı İran, İraq, İordaniya və Suriyada məhv edildi. İran 300 PUA və 100 raket olmasına baxmayaraq, sıfır zərbə reallığı ilə üzləşdi. Bu, həqiqətən də fiaskodur”.
Xatırladaq ki, İran ötən gün 300-dən çox PUA və 100 ballistik raketlə İsraili hədəfə alıb, lakin onların 99 faizi havada məhv edilib. /azpolitika.info