Çavuşoğlunun mühüm Bakı mesajları: Qərb Türkiyəni daim Azərbaycanın yanında görəcək
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması yalnız bu iki tərəfin yox, digər aktorların, o cümlədən, region ölkələrinin də marağındadır.
Qarabağ məsələsində həmişə ədalətli, obyektiv mövqedən çıxış edən, bir çox oyunçudan fərqli olaraq beynəlxalq hüquqa hörmətlə yanaşan Ankara üçün regional sülh və sabitlik mühüm əhəmiyyətə malikdir. Ankara İrəvanla Bakı arasında sülhün təmin olunması üçün əlindən gələni edir. Çünki sülh sazişinin imzalanması həm də Zəngəzur dəhlizinin açılması deməkdir. Bu isə Türkiyənin nəinki siyasi, həm də iqtisadi maraqlarına uyğundur.
Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, Böyük Millət Məclisinin deputatı, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir. O, dünən jurnalistlərə açıqlamasında mühüm mesajlar verib. M.Çavuşoğlu bildirib ki, Fransa başda olmaqla digər Qərb dövlətlərinin sülh üçün Ermənistana təzyiq göstərmələri zəruridir.
Onun sözlərinə görə, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlılığı, əslində, Qərbin də marağında olmalıdır:
“Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan, Fransa başda olmaqla, digər Avropa dövlətləri Ermənistana sülh üçün təzyiq göstərməlidir”.
Çoxlarına, o cümlədən, Türkiyəyə yaxşı məlumdur ki, Qərb, xüsusilə, rəsmi Paris bütün imkanları ilə regionda sülhün əngəllənməsinə çalışır. Çünki bu, mövcud şəraitdə Qərbin maraqlarına uyğun deyil. ABŞ və Avropa İttifaqı (Aİ) bölgədəki təsir imkanlarını qorumaq və daha da artırmaq üçün konfliktin aradan qalxmamasının şərt olduğunu bilirlər. Elə buna görə də regionun “ən zəif bəndi” hesab olunan Ermənistandan istifadə edirlər. Qərb Ermənistanı şirnikləndirərək öz tərəfinə çəkir, sonra da təlimatlarını verir. Bu, birbaşa olaraq “kökə və qamçı” siyasətinin tətbiq edilməsidir.
Mümkündür ki, son zamanlar Ermənistanın sülh gündəliyindən uzaqlaşması, şərti sərhəddə qoşun yığması da məhz Qərbin direktividir. Bu məntiqlə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında bu gün Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra vəziyyətin daha da gərginləşəcəyi qətiyyən istisna deyil.
Əgər Qərb həqiqətən, regionda sülh istəyirsə və iddia etdiyi qədər səmimidirsə, onda Çavuşoğlunun dediyi kimi, Ermənistana təzyiq göstərməlidir. Onlar yalnız bu halda özlərinin səmimiliyini göstərə bilərlər.
M.Çavuşoğlu onu da söyləyib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı olmalıdır. Məlum olduğu kimi, bu məsələ uzun müddətdir, müzakirə olunur. İrəvan bütün imkanları ilə vaxtı uzatmağa çalışır. Bu məsələdə üçüncü güclərin rolu da danılmazdır.
Halbuki üçüncü güclərin Zəngəzur dəhlizi ilə bağlı destruktiv mövqeyi reallıqda heç də Ermənistanın maraqlarına uyğun deyil. Çünki Paşinyan hakimiyyəti bu gün faktiki olaraq Rusiya və Qərbin timsalında “iki od arasında” qalıb. Rəsmi İrəvanın siyasi cəhətdən müstəqil olması üçün əvvəlcə iqtisadi müstəqilliyə ehtiyacı var. Bu mənada Zəngəzur dəhlizinin açılması Ermənistan üçün böyük fürsətdir. Bu, perspektivdə Ermənistan dövlətçiliyinin qorunmasında da əhəmiyyətli rol oynaya bilər.
Amma təəssüf ki, Ermənistan iqtidarı özünün və ölkənin gələcəyini düşünmək əvəzinə, Qərbin “ipi ilə quyuya düşməyə davam edir”.
M.Çavuşoğlu Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdə də bu məsələlərə ətraflı toxunub. Keçmiş nazir xüsusilə qeyd edib ki, bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır. Bu, dünya dövlətlərinə verilmiş mühüm ismarış idi: M.Çavuşoğlu bununla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyib ki, Ankara regionda qurulan qəbuledilməz tərtiblərin fərqindədir və lazım gələrsə, proseslərə müdaxilə etmək iqtidarındadır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da sabiq həmkarı ilə görüşündə oxşar məsələlərə toxundu. O qeyd etdi ki, bölgəmizdən uzaqda yerləşən bir sıra dövlətlərin sülhə təhdid törədən birtərəfli mövqeyi narahatlıq doğurur.
C.Bayramov və M.Çavuşoğlunun eyni məsələ barədə verdikləri oxşar mesajlar bir daha onu deməyə əsas verir ki, Bakı və Ankaranın bölgə ilə bağlı mövqeləri üst-üstə düşür. Nəinki Ermənistan, bütün dünya dövlətləri, o cümlədən, təxribatlarla “suların bulanmasına” çalışan aktorlar bilməlidirlər ki, Ankara istənilən provokasiyaya qarşı Bakının yanında olacaq. Çünki əvvəla, Türkiyə bununla haqqı müdafiə etmiş olacaq. İkincisi, bu, Ankaranın dövlət və təhlükəsizik maraqlarına uyğundur. Üçüncüsü, bu, Türkiyə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında sazişə riayət olunmasıdır.
Maraqlıdır ki, elə həmin gün Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü barədə də bəyanat yayıb. Diqqətə çatdırılıb ki, bu görüş AB və Aİ-nin neytrallığını tamamilə şübhə altına alacaq.
“Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”, – deyə bəyanatda qeyd olunub.
Onu da deyək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də M.Çavuşoğlunu qəbul edib. Dövlət başçısı bildirib ki, Cənubi Qafqaz üçün yeni təhlükə mənbəyi yaradılır. Azərbaycan liderinin sözlərinə görə, Qarabağın işğaldan azad olunması bəzi qüvvələri narahat edir.
Həmin qüvvələrin regionda “suları bulandırmaq” niyyətində olan oyunçuların olmasına şübhə yoxdur. Fransa başda olmaqla kollektiv Qərb məhz Qarabağın işğaldan azad olunması nəticəsində regionda “daşların yerinə oturmasından” narahat olduğu üçün yenidən gərginlik yaratmağa cəhd edirlər. Lakin bölgəni “qan gölünə” çevirmək cəhdləri nəticə verməyəcək. Ermənistan-Aİ-ABŞ arasında üçtərəfəli görüşün keçirildiyi gün Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərinin Azərbaycana səfəri və onun yüksək səviyyədə qarşılanması əslində ciddi mesajdır. Qarşı tərəflər mütləq bu ismarışlardan dərs çıxarmalıdırlar.
Son olaraq, əminliklə deyə bilərik ki, xüsusilə, Qərb dövlətləri Ermənistan vasitəsilə regionla bağlı çirkin oyun planlaşdırırlar. Bu, bölgədə yeni gərginliklə nəticələnə bilər. Amma üçüncü güclər nəzərə almalıdırlar ki, Ankara istənilən an Bakının yanında olacaq və öz sözünü qətiyyətlə deyəcək.