Bakının tələbi qəbul edildi: Paşinyan açıqladı – “Qaytarılacaq”
Ermənistan Baş naziri Nikol Paşinyan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərinin Azərbaycana təhvil veriləcəyinə eyham vurub.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, dünən mətbuat konfansında Paşinyana sözügedən kəndlərin təhvil verilib-verilməyəcəyi ilə bağlı suallar verilib. Erməni jurnalistlər Qazaxın 4 kəndini “erməni ərazisi” adlandırıb. Baş nazirin buna verdiyi cavab isə dünəndən ölkəsində müzakirə mövzusudur. O, Ermənistana məxsus ərazilərin verilməyəcəyini söyləyib, erməni nəşrinin fikrincə, bu, Paşinyanın həmin əraziləri Azərbaycan olaraq tanımasına eyhamdır. Həmçinin Nikol Paşinyan qeyd edib ki, İrəvan delimitasiyaya hazırdır, proses Tavuş vilayətinin özündən, yəni Qazax istiqamətindən başlaya bilər.
Baş nazir mətbuat konfransına Ermənistanın 29.8 min kvadratkilometrlik xəritəsinin maketini də gətirib. Nəşr qeyd edir ki, Paşinyan çıxışında Azərbaycanın tələb etdiyi kəndlərdən danışsa da, Başkənd məsələsinə toxunmayıb. Ermənilər Gədəbəy rayonunda yerləşən bu kəndi “Artsvaşen” adlandırırlar, özlərinə aid olduğunu iddia edirlər.
“Hraparak” onu da iddia edir ki, Paşinyan Bakının tələb etdiyi Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılının Almatı bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb.
“Ermənistan ərazisində heç vaxt bu adlarda kəndlər olmayıb”, – baş nazir deyib.
Deputat Qarnik Danielyanın fikrincə, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsini sərhədin delimitasiyası prosesinin başlanğıcı hesab etmək olar:
“Birinci mərhələdə həmin 4 kənd təhvil veriləcək”.
Paşinyan mətbuat konfransında söyləmişdi ki, Tavuş vilayətindən heç bir kəndi Azərbaycana verməyəcəklər. Danielyanın sözlərinə görə, Paşinyan bunu ona görə söyləyib ki, həmin kəndləri Azərbaycan ərazisi kimi tanıyır, Ermənistan kimi yox.
Ermənistan baş naziri sözügedən kəndlərdən keçən yolların dəyişdirilməsi fikrini də səsləndirib. Paşinyan xəritə ilə izah edib ki, həmin yolun bir hissəsi Azərbaycandan keçir, ondan yan keçmək üçün yeni yollar çəkilməlidir./teleqraf.com