Ermənistandan sərt ittiham: “Ruslar bizə dedilər ki…”
Ermənistandan Rusiyaya qarşı irəli sürülən son ittihamlar ciddi narahatlıq yaradır.
Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Bu günlərdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi və KTMT ətrafında yaranmış vəziyyətlə bağlı diqqətçəkən açıqlama verdi. Bu, geniş müzakirə məsələsinə çevrilib. Rusiyadan silah tədarükü haqda danışan Qriqoryanın sözlərinə görə, Rusiyadan bizə deyiblər ki, sizə silah vermirik ki, mövqeyiniz sərtləşməsin. Qriqoryan hansı rusiyalı rəsminin belə bir şey dediyini deməkdən imtina edib”, – deputat bildirib.
Abramyanın fikrincə, bu açıqlama o baxımdan diqqət çəkir ki, indiyədək Rusiyadan silah təchizatı problemləri kontekstində heç bir səbəb göstərilməyib:
“Bəyanat anti-Rusiya əhval-ruhiyyəsi kontekstində nəzərdən keçirilə bilər, amma buna baxmayaraq, Ermənistanın yüksək rütbəli rəsmisi tərəfindən son dərəcə ciddi ittiham irəli sürülüb, Moskva buna aydınlıq gətirməyib.
Rusiyanın müxtəlif rəsmilərinin buna birbaşa və dolayısı ilə reaksiya vermələrini nəzərə alsaq, izah olunmayan bu ittiham kifayət qədər narahatedici vəziyyət yaradır”.