Camal ZEYNALOĞLU – Dərdim dağları əridər (hekayə)

 

                                                                                    Dərdim dağları əridər                                             

                                                                                               (hekayə) 

    

        Dənizkənarı parkdakı oturacaqların birində yaşlı bir qoca əyləşmişdi. Saç-saqqalı düm ağdı. O, kürəyini oturacağa deyil, çənəsini əl ağacına söykəyərək qəm, kədər süzülən baxışları ilə dənizi seyr edirdi. Yaşlı adamlarla həmsöhbət olmağı xoşladığımdan, gəlib sakitcə yanında əyləşdim və: “Hər vaxtınız xeyirli olsun, əmican” – söylədim. Ahıl kişi mənə baxmadan cavab verdi: 

 –   Sizin də gələn günləriniz xeyirli olsun, oğul.  

 – Əmican, üzr istəyirəm, sizin o vəziyyətdə oturmağınız onurğanıza ziyandır axı. Kürəyinizi oturacağa söykəsəniz, sizin üçün daha rahat olmazmı? Çünki belə vəziyyətdə uzun müddət qalmaq belin əyilməsinə səbəb olur – dedim. 

–  Oğul, insanın belini hansı vəziyyətdə oturmaq deyil, dərd-kədər, qəm-qüssə  əyir – cavabını verdi. 

–  Başa düşürəm, əmican, onsuz da indiki dövrdə dərdsiz, kədərsiz adam tapmaq müşkül işdir. İndi kiçikdən böyüyə qədər hamının özünə görə dərdi-səri, problemi var. 

 –  Haqlısan oğul, qəm, kədər Adəm övladının yaxasını nə vaxt rahat buraxıb ki?! Bir də oğul, siz  problem sözü işlətdiniz. Ancaq problemi dərdlə, kədərlə qarışdırmayın. Bunlar ayrı-ayrı şeylərdir. Biz bəzən həlli mümkün olan problemləri də özümüz üçün dərdə çeviririk. 

–   Əmican, gözlərinizdən görünür ki, qüssə, qəm, kədər, sizin daimi yol yoldaşınız olub. 

–   Düz sezmisən, oğul. Həyata göz açdığım gündən qəm-qüssə, kədər mənimlə bərabər böyüdülər. Onlar məni “sadiq dostlar” tək heç vaxt yalqız buraxmadılar. 

–  Əmican, nədir sizin dərdiniz? Əgər sirr deyilsə, mən də bilmək istərdim. Deyirlər, insan kədəri, qəmi başqalarıyla paylaşdıqca azalır, yüngülləşir. Görünür, sizin dərdiniz daha böyükdür. Amma hər halda sizi dinləmək çox maraqlı olardı. 

–    Oğul, əvvəlcə de görüm, nə işin sahibiziniz? 

–    Mən yazaram, – dedim. 

–   Belə de… Demək, insanların, cəmiyyətin, bütünlüklə, dünyanın dərd-sərindən yazan yazıçısınız. Amma, oğul, onu deyim ki, bu dərdlər nə deməklə, nə də yazmaqla bitib tükənən deyil. Mən dərdlərimdən danışsam, yer-göy od tutub yanar. Dərdlərim dağları əridər belə. Elə dərd var ki, onun qarşısında səbr, təmkin, hövsələ tab gətirə bilmir. Bu dərd insanı əyir, ağır yük daşıyıcısına çevirir, çöhrəsini daimi qara buludlar alır, nəticədə, qaşqabaqlı, adamlardan uzaq olmağa çalışırsan, tənha qalmaq istəyirsən. Amma Adəm övladı onu anlamır ki, dərd, kədər tənhalıqda daha da böyüyür. Oğul, dərd, kədər ürəyi incidən daxili sıxıntıdır. Bəzən insan günlərlə özünə qapılaraq kiminləsə kəlmə kəsmir, hətta yemək-içməkdən kəsilir. Bəzən də el arasında: Qaranlıq düşdükdə qəm, kədər də artır deyirlər. Dərdli adamın dərdini, ancaq dərdi olan adam bilər. Klassik şairimiz M.V.Vidadi demişkən: “Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram”. Həyatda dərdli olmaq istəmirsənsə, gərəkdir ki, dərdli könüllərə kömək edəsən. Dərd, kədər içində çabalayan insanlara, dərdə giriftar olanlara kömək etmək, onların kədərini azaltmaq, dərdini paylaşmaq üçün onlara doğru qaçmaq gərəkdir, yanlarında olmaq lazımdır. 

–  Əmican, haqlısınız, amma indi insanlar sanki öz aləmlərinə qapanıblar. Kiməsə kömək etmək, kiminsə harayına yetmək unudulub. Kimsə-kimsənin ərizəsini oxumaz hala düşüb adamlar indi. Əmican, bəs sizin dərdiniz nədir? 

–  Oğul, mənim dərdim elə əslində hamımızın dərdidir. Amma bəziləri bu dərdə ürəkdən yanaraq içində qıvrılır, bəziləri də “elin dərdindən mənə nə var” deyib el dərdini öz üzərindən atmağa çalışır. Bu dərd sənə də tanışdır, mənə də. Bu, Bütöv Azərbaycan dərdidir, bu, Təbriz dərdidir, bu, Qarabağ dərdidir, bu, Zəngəzur dərdidir, bu, Göyçə dərdidir, bu, Borçalı dərdidir, bu, Dərbənd dərdidir, bu, Vətən, Yurd dərdidir. Hansını söyləyim?! Məgər dərd birdir, ikidir? Bitib-tükənməz mənim dərdlərim. İndi siz deyin, çiyinlərində əsrlər boyunca qəm yükünü daşıyan Vətən bu dərdə necə dözsün?! Amma bütün bunlara rəğmən o dözür. Nə edək ki, Vətən adlı Ulu Babamıza kömək etmək heç birimizin əlindən gəlmir, sadəcə Ona arada bir təsəlli verməklə öz vəzifəmizi bitmiş hesab edirik. Ancaq hər birimizin içindəki yarıya bölünmüş Vətən sevgisi hamımızın qəlbini parçalayır. Vətənə olan yaralı eşqimiz ikiyə bölünərək biri Güneydə, biri də Quzeydə qalıb. Bu iki həsrətli aşiqlərin qəlbi əsrlərdir ki, bir-birinə qovuşmaq arzusuyla çırpınır. Bizə sormadan ikiyə böldülər Azərbaycanımı. Ananı baladan ayırdılar o gün. Taleyimizi yadlar yazdı o gün. O gündən qardaş – qardaşa həsrət qaldı. Sevənlərin göz yaşı Xan Arazıma axıb töküldü. Əsrlər ötüb keçsə də, həsrət  bitib tükənmir. Amma bütün bunlara baxmayaraq içimdə bir ümid işartısı var. Bir gün bu həsrətə son verilər və  Azərbaycan pərən-pərən düşmüş övladlarını yenidən yanında görər, inşəAllah! 

      İkinci böyük dərdimiz isə Qarabağdır. Xəyanət nəticəsində Vətənimin bu gözəl guşəsi erməni qəsbkarlarına rus himayədarları tərəfindən ərməğan edildi. Bunun dalınca qəlbimizə Xocalı qətliamı çalın-çarpaz dağ çəkdi. O gecə kürəyimizə arxadan xəncər saplandı. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ Yer üzü belə bir müsibət, belə bir vəhşilik, belə bir qəddarlıq görməmişdi. Amma illər ötdükcə bu dərdlərə, üzü qaysaq bağlamış bu yaralara nədənsə alışqanlıq, günlər keçdikcə unutqanlıq vərdişi yaranır bizdə. Unutqanlığa bizim mənəvi haqqımız yoxdur. Unutqanlıq özü elə böyük faciədir. Bu gün mənəviyyatımızdakı nöqsanların qabarıq şəkildə özünü göstərməsinin əsas səbəblərdən biri elə incə məsələlərə – xüsusilə milli-mənəvi dəyərlərə, qeyrət, namus və şərəf hesab etdiyimiz Vətən, torpaq məsələlərinə qarşı laqeydliyimiz, prinsipialsız mövqe tutmağımız olubdur.  

       Bu gün biz həm də ailə-məişət msələlərimizə kənar, xarici faktorların nə dərəcədə təsir və  nüfuz etdiyinin sanki fərqində deyilik. Amma bu, ciddi və düşündürücü bir məsələdir. Bu işə laqeyd yanaşmağa heç birimizin mənəvi haqqı yoxdur. Bu məsələdə seyrçi mövqe tutmağımızın acı nəticələri hamımıza bəllidir. İndi nədənsə laxlamaqda olan adət – ənənələrimizin, əxlaqi-mənəvi dəyərlərimizin dirəklərinin sanki nə vaxt tamamilə uçulub dağılacağını gözləyirik. Mənəvi dəyərlərin ucuz tutulması, həddindən artıq həssas və prinsipial mövqedən yanaşması tələb olunan bu incə məsələyə laqeydlik göstərilməsi sabahkı gün hansı  qarşısıalınmaz facilərin törənməsinə gətirib çıxaracağını dərindən dərk etməliyik. Biz əksər hallarda cəmiyyətdə baş verən mühüm hadisələrin qarşısını vaxtında almağa cəhd göstərmirik. Çünki buna vəzifəsindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayan hər birimizin içində artıq özünə çoxdan yer etmiş mənə nə var?” prinspi ilə olan düşüncələrimiz imkan vermir. Daha doğrusu, bu gün heç  kəs qolunu çırmayıb ümumxalq mənafeyi naminə iş görmək fikrində deyil, hər kəsi öz şəxsi mənafeyi daha  çox düşündürür. Əxlaqi-mənəvi  cəhətdən şikəst olmaq təhlükəsi qarşısında qalan cəmiyyəti sağaltmaq fikrində olanlar görəsən nə vaxt işə girişəcəklər? Bu gün cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq epidemiyasının oriyentasiyası sürətlə artmaqdadır. İstər ailədə, istərsə də cəmiyyətdə riyakarlığın, xəyanətin, əxlaqsızlığın artmasına rəvac verən amillərdən ən ümdəsi maddi ehtiyacdır. Cəmiyyətdə madiyyət həmişə mənəvi dəyərləri məhv etməyə çalışır. Hər şeyi maddiyyətlə ölçən insanlar da, özlərindən asılı olmayaraq bu çirkaba bulaşmağa məcbur olurlar. Belə bir vəziyyətdə hamımızın incə məxluq sandığımız olan qadının zəifliyindən, onun inam və səmimiyyətindən “məharətlə” istifadə etməyə çalışan kişilər bir anlığa da olsa, hansı yolun ayrıcında dayandıqlarını dərk etsələr, pis olmazdı. Bu gün bu cür neqativ hallara qarşı mübarizə aparmaq üçün hər birimizdən bir vətəndaş yanğısı tələb edilir. 

–  Əmican, hamımızın ağrılı yerinə toxundunuz. Vaxtiylə bu millətin ən güvənc yeri ailə şərəfi, ailə namusu olub. Amma bu gün bu sözü inamla səsləndirmək adama bir az  çətin gəlir. Bu gün sanki bilərəkdən bütün cəmiyyətə əxlaqsızlıq toxumları səpilir, özü də hamımızın gözləri önündə. Bu işdə  bizim televiziyanı qınamağa haqqımız var. Televiziya məişətimizə daha çox daxil olub, o cəmiyyətin aynasıdır, hamı ona baxır və ondan ibrət götürür… 

–  Oğul, nə qoyub, nə axtarırsan? Bir də ki dərd, kədər, qəm-qüssə təkcə bizdə deyil ki? Bu bəlaya planetin hər guşəsində mübtəla olan insanlar var. İndi dünyanın düzəni pozulub, oğul. Dünya qanla çalxalanır, hər yerdə müharibə, hər yerdə  qan tökülür. Hər gün minlərlə günahsız insan həyatını itirir. Sanki bütün Kainatı ölüm kabusu qoynuna alıb. İnsanlar haqsız yerə incidilir, haqsız yerə öldürülür. Zalım və şər qüvvələr Yer kürəsinə hakimi mütləq kəsilib. Şeytan Dünyaya hakim olmağa çalışır. Amma acı da olsa, bu, həqiqətdir. Öz dərdimiz azmış kimi, hələ gəl bir indi dünyanın dərdini də çək görüm, necə çəkirsən? Belə bir zamanda həm özünü qorumaq, həm də cəmiyyəti yad bəlalardan xilas etmək üçün ortaya əsl vətəndaşlıq mövqeyi qoymaq və sərgiləmək hər birimizdən böyük hünər, cəsarət, fikir və əqidəsində dönməzlik, milli – mənəvi dəyərlər uğrunda mübarizədə qəhrəmanlıq tələb edir. Bu yolda Allah-təala hər birimizin yardımçısı olsun! Allah amanında qal, oğul! Çünki danışdıqca qəm, kədər əlində qılınc üstümə hücum çəkir, – deyə ağ saçlı nurani qoca çəliyinə söykənib ayağa qalxdı, asta addımlarla məni tərk etdi. 

     O məndən uzaqlaşar-uzaqlaşmaz: 

–  Allah sizin də köməyiniz olsun, ömrünüzü uzatsın, Əmican! – dedim. 

Camal ZEYNALOĞLU 

 

                                                                                                                   

 

 

 

 

 

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password