Konqresdə “F-16”ların Türkiyəyə satışını əngəlləmək cəhdi uğursuzluqla nəticələnib
ABŞ Konqresində Vaşinqton və Ankara arasında “F-16” qırıcı-bombardmançı təyyarələrə dair razılaşmanın həyata keçirilməsinə mane olmaq cəhdi uğursuzluqla nəticələnib.
Bu cəhd Senatın üzvü Rend Pol (Kentukki ştatından olan respublikaçı) tərəfindən edilib.
O, Türkiyəyə yeni “F-16” təyyarələri, müvafiq avadanlıq və silahlar verilməsini, habelə Ankaranın artıq malik olduğu bu hərbi texnikanı modernləşdirməsini qadağan edən qətnamə layihəsi hazırlayıb.
Lakin Konqresin yuxarı palatasında sənədin mümkün nəzərdən keçirilməsi məsələsi üzrə keçirilən prosessual səsverməni nəzərə alaraq, bu təşəbbüsün rədd edilməsi qərara alınıb.
Səsvermə hələ də davam edir, lakin bu günə qədər 79 senator qətnamənin Konqresin yuxarı palatasına təqdim edilməsinin əleyhinə çıxış edib və yalnız 13-ü lehinədir. Belə bir səsvermə ilə qətnamənin baxılmaq üçün Senata təqdim edilməsi şansı yoxdur.
ABŞ-ın qanunverici orqanı Amerika administrasiyası tərəfindən təklif olunan silah və hərbi texnikanın ixracına dair iri müqavilələri 30 gün müddətinə bloklamaq səlahiyyətinə malikdir.
Bunun üçün Nümayəndələr Palatasında və Senatda müvafiq qətnamənin təsdiqi tələb olunur. Lakin ABŞ prezidenti daha sonra belə bir qətnaməyə veto hüququndan istifadə edə bilər. Vetonu ləğv etmək üçün Konqres həm Senatda, həm də Nümayəndələr Palatasında üçdə iki səs çoxluğu tələb edir.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz müddətində yalnız Kentukki senatoru Rend Paul Senata etirazını təqdim etmişdi. Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada qanun layihəsi ilə bağlı heç bir tədbir görülməyib.
Qeyd edək ki, həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri bildirişin edildiyi gün verdikləri açıqlamalarda “F-16”ların Türkiyəyə satışını təsdiqlədiklərini söyləyiblər.
Söhbət 40 yeni “F-16” Block 70 döyüş təyyarəsi və Türkiyənin inventarında olan 79 təyyarə üçün modernizasiya dəstindən gedir.