Dollara meyil artıb: Manata inam itirmi?

 

Pərviz Heydərov yazır…

Ölkədə uzun müddət fasilədən sonra ABŞ dollarına meyil artıb. Bu, özünü ilk növbədə həm Mərkəzi Bankda keçirilən hərraclarda göstərir, həm də yanvarda banklarda yerləşdirilən əmanətlərin strukturundakı dəyişiklikdə.

Fevralın 27-də keçirilən hərracda tələb 105,1 milyon ABŞ dolları təşkil edib. 22 fevral tarixində bu rəqəm 108,1 milyon, 20 fevralda 102,6 milyon, 15 fevralda 103,9 milyon, 13 fevralda isə 151,1 milyon ABŞ dolları təşkil etmişdi. Ümumiyyətlə, cari il başlanandan bəri keçirilən 15 valyuta hərracında banklara 1 milyard 207,7 milyon dollar satılıb.

Üstəlik, banklarda yerləşdirilən xarici valyuta üzrə depozitlər (maliyyə institutları istisna olmaqla) yanvarda əvvəlki, yəni dekabr ayı ilə müqayisədə manat ifadəsində 826,4 milyon artaraq 14 milyard 104,5 milyon manata çatıb ki, bu zaman fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manat, hüquqi şəxslərin isə 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manat təşkil edib.

Ümumən xarici valyutada olan 826,4 milyon manat depozit artımının 465,5 milyon manatı müddətli xarici valyutada depozitlər hesabına olub ki, milli valyutada 381,1 milyon manat azalıb.

Ümumiyyətlə qısa qeyd etməli olsam, cari ilin ilk ayı ərzində fiziki şəxslərin ümumən depozitləri 249 milyon manat həcmində artaraq 12 milyard 831,2 milyon manata çatıb ki, bu zaman fiziki şəxslərin xarici valyutada olan depozitləri üzrə artım 284,4 milyon manat təşkil edib. Bu da o deməkdir ki, yanvarda fiziki şəxslərin milli valyutada olan depozitləri 35,4 milyon manat azalıb.

Həmçinin, yanvarda hüquqi şəxslərin depozitləri ötən ilin dekabr ayının sonu ilə müqayisədə 196,3 milyon manat artaraq 22 milyard 164 milyon manata çatıb ki, bu zaman hüquqi şəxslərin xarici valyutada olan depozitləri üzrə artım isə 542 milyon manat təşkil edib. Bu da, hüquqi şəxslərin milli valyutada depozitlərinin 345,7 milyon manat azaldığı deməkdir.

Maraqlıdır ki, yanvar ayı ərzində ölkədə xarici valyuta ilə, yəni dollarla verilən kreditlərin də həcmi artıb. 2024-cü ilin yanvarında bankların ümumi kredit portfeli üzrə artımın 82%-i xarici valyuta ilə verilənlərin hesabına olub. Hansı ki, bu, özü ayrıca olaraq, çox təhlükəli tendensiyadır.

Bəs, bütün bunlar nə ilə əlaqədardır? Ölkədə dollarlaşma prosesi başlayıbmı? Yoxsa, manata inam itirmi?

Qeyd olunan suallara cavab olaraq aşağıdakıları qeyd edə bilərəm.

Birincisi, Mərkəzi Bankda keçirilən hərraclarda ABŞ dollarına tələbatın artması müvəqqəti xarakter daşıyır. Adıçəkilən qurumdan da bildirilib ki, bu ,əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Qeyd edilib ki, 2024-cü ilin ötən dövr ərzində valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib. Yəni, tələb artsa da dollar təklifi tələbdən üstün olub. Çünki tədiyyə balansı profisitli vəziyyətdədir. Başqa sözlə desəm, ölkəyə xarici valyuta axını onun ölkədən çıxış həcmindən üstündür.

İkincisi, depozit strukturuna gəldikdə isə, ölkədə xarici valyuta ilə əmanət yerləşdirilməsi rentabelli xarakter daşımır. Cəmi 2,5% divident səviyyəsinə görə sığorta vədi verilir ki, manatla depozitlər üzrə isə bu rəqəm 12% təşkil edir. Odur ki, yanvardakı tendensiya bilavasitə fiziki şəxslər üzrə sırf subyektiv amillərdən irəli gələn səbəb xarakteri daşıyır. Xüsusən də o baxımdan ki, manatın məzənnəsi inzibati yolla tənzimlənir. Yəni, ölkədə üzən məzənnə rejimi fəaliyyət göstərmir.

O ki qaldı kreditləşdirmədə dollarizasiya tempinə, bax, buna ciddi yanaşmaq lazımdır. Məsələ bundadır ki, hərraclarda ABŞ valyutasına tələbin yüksəlməsi də, cari ilin yanvar ayında bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin artması da məhz idxal faktoru ilə bağlıdır.

Ölkəyə idxal genişlənməkdədir.

İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsi, yəni, bunun həcmi, o cümlədən idxalın ixracdan, yoxsa ixracın idxaldan üstün olması məsələsidir ki, ölkənin tədiyyə balansını və valyuta bazarında vəziyyətini məhz bu müəyyən edir.

Ümumiyyətlə, xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz, o səbəbdən ki, idxal ixracdan fərqli olaraq ölkədən pul aparır və ona görə də milli valyutanın dəyəri mütləq dərəcədə müvafiq dəstəkdən asılı olur.

Yeri gəlmişkən, keçən ilin yekununa görə, 2022-ci illə müqayisədə xarici ticarət dövriyyəmiz faktiki qiymətlərlə 20,2%, real ifadədə 5,6% enib. İdxal real ifadədə 1,9% artdığı halda, ixrac 8,2% azalıb. Bir sözlə, manatı saxlayan neftdir, yoxsa dollarlaşma daha geniş vüsət alardı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password