Paris-Moskva-İrəvan üçbucağın planları – Məqsədləri eynidir, ancaq…
Azərbaycan “sülhməramlıları” tezliklə evinə göndərməlidir…
“Azərbaycan Ermənistanın sərhədlərini birmənalı şəkildə tanımalı və Qarabağı tərk etmiş ermənilərin öz yurdlarına azad və tez bir zamanda qayıtmasını təmin etməlidir”.
Bu bəyanatı Fransa Prezidenti Emmanuel Makron fevralın 21-də Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edərkən deyib. Makron Ermənistan haqqında bəlağətli cümlələr qurmaqla yanaşı İrəvana birmənalı dəstək nümayiş etdirib.
Əvvəlcə Fransa Prezidenti adından yayılan bəyantın əsas tezislərinə diqqət edək:
– Fransa sizin ölkənizin yanındadır;
– Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmət məsələsində, xüsusilə də Ermənistanla sərhədlərinin xoş məramla delimitasiyası və demarkasiyasına əsas olacaq xəritə məsələsində hər hansı ikimənalılığa son qoymalıdır;
– Qoşunlar sərhəddən qarşılıqlı çəkilməlidir;
– Bakı Beynəlxalq Cinayət Məhkəməsinin noyabr hökmünü icra etməli və Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şərait yaratmalıdır;
– Paris İrəvanla müdafiə əməkdaşlığını bundan sonra da davam etdirəcək.
Nikol Paşinyan fransalı həmkarının dediklərindən xoşxal ola bilər, onun ruporları erməni cəmiyyətinə Fransanın “möhtəşəm dəstəyinin” əldə olunmasını təbliğ edə bilər. Amma regiondakı reallıqlar əslində Makronun Paşinyanı nə qədər çətin vəziyyətə saldığını göstərir.
Çünki Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir, qüvvələr nisbətinə baxmadan davamlı gərginlikdə maraqlıdır. İrəvanın bu gərginliyi davam etdirmək potensialına, perspektivdə Ermənistan üçün hansı problemlər yaranacağını görməzdən gəlir.
Azərbaycan bu səbəblərdən Fransanı normallaşma prosesindən kənarda saxlayır, Makron hakimiyyətinin destruktiv planlarının regionda təşəkkül tapmasına imkan vermir. Amma rəsmi Paris Ermənistan vasitəsi ilə istəyinə nail olmağa çalışır və təbii ki, zəif və Qərbdən asılı olan Paşinyanın ona müqavimət göstərmək imkanları yoxdur.
Makronun bəyanatında reallıqlarla uyğunlaşmayan, əslində Rusiyanın “çörəyinə yağ sürtən məqamlar bunlardır:
Qarabağı tərk etmiş ermənilərin tez zamanda geri qayıtması
Birincisi, ermənilərin geri qayıdışı Makronun təsəvvür elədiyi kimi sadə məsələ deyil. Onlar Azərbaycan Respublikasına qayıtmaq istəyərlərsə, bu ölkənin konstitusiyasına və qanunlarına uyğun, heç bir imtiyaz olmadan başqa xalqların nümayəndələri kimi yaşaya bilərlər. Amma daha əvvəl Ermənistan Respublikası 1988-ci ildə Zəngəzurdan və Göyçədən qovulmuş 250 minə yaxın azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir.
Paşinyan hökuməti bu məsələni ümumiyyətlə müzakirə etmək istəmir. Bilir ki, öhdəlik götürərsə, azərbaycanlılar qısa müddətdə qayıdacaq, amma erməniləri Qarabağa qaytarmaq mümkün olmayacaq. Çünki artıq onların bir çoxu Ermənistanı da tərk edib. Paşinyan azərbaycanlıların qayıdışını isə Ermənistanın milli təhlükəsizliyinin altına yerləşdirilmiş “bomba” adlandırır.
İkincisi, ermənilərin qayıdışı məsələsində mənasız israrçılıq Rusiyanın bölgədə davamlı hərbi iştirakını qoryub-saxlamağa həvəsləndirir. Təsadüfi deyil ki, ötən həftələrdə Rusiya rəsmiləri də Makron kimi erməniləri Qarabağa qayıtmağa çağırıb, onların hüquqlarını və təhlükəsizliyini qorumağa hazır olduqlarını bəyan ediblər. Moskva Azərbaycanın mövqeyini nəzərə almaq istəmir və Fransaya açıq siqnallar göndərir, amma Bakının razılığı olmadan prosesin uğursuzluğa düçar olacağını anlamaq istəmir.
Makron sərhədlərin delimitasiya və demarkasiya olunması məsələsində də Rusiya ilə eyni mövqedən çıxış edir və burada maraqlı Rusiya-Ermənistan-Fransa üçbuçağı yaranır. Makron sərhədlərin SSRİ Baş Qərargahının xəritələri əsasında müəyyən olunmasını istəyir və Azərbaycanı “iki mənalı oyun oynamaqdan” çəkinməyə çağırır.
Bu xəritələri 70 illik işğal dövründə Azərbaycanın 20.8 min kvadrat kilometr ərazisini hissə-hissə qoparıb Ermənistanın ərazisini 9 min kvadrat kilometrdən 29.8 min kvadrat kilometrə çatdıran sovet rejimi çəkib. Bu ərazilər Azərbayan xalqının razılığı olmadan, zorla Ermənistana verilib.
Bakı nəyə görə 70-ci illərin xəritələrinə istinad etməlidir, bir halda ki, həmin illərdə Zəngəzur bölgəsi Ermənistana verilib və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bir-birindən ayrı düşüb? İrəvan bu gün Azərbaycana tarixi ərazilərindən istifadə etməklə Naxçıvana maneəsiz gediş-gəlişinə imkan vermək istəmir. O zaman Bakı nəyə görə Ermənistana “xəritə, sərhəd lüksu” yaşatmalıdır? Burada Fransa və Rusiyanın mövqeləri üst-üstə düşsə də, əsas söz sahibi Azərbaycandır və o öz milli maraqlarını təzyiq, şantajla qurban verməz.
Fransa Azərbaycanı qoşunlarını hazırkı mövqelərdən geri çəkməyə çağırır. Eyni çağırışı Rusiya da dolayısı ilə səsləndirir. Bu günlərdə KTMT rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, “Azərbaycan və Ermənistan arasında hədsiz gərginlik olduğuna görə sərhədə KTMT sülhməramlıları yerləşdirilməlidir”.
Bakı bu cəfəng yanaşmanı rədd edir və bəyan edir ki, qoşunlar olduqları mövqelərdə qalacaqlar, çünki son onilliklərdə Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdid Ermənistan tərəfindən gəlib. Erməni xislətinə görə bu təhdidin perspektivdə davam etməyəcəyinə heç bir zəmanət yoxdur.
Fransanın daha bir destruktiv, regionda gərginlik yaradan mövqeyi Ermənistanı hərbi cəhətdən yenidən dirçəltməkdir. Əlbəttə, hər bir ölkə müdafiə imkanlarını artırmaqda sərbəstdir, Azərbaycan da bu sahədə sistemli addımlar atır. Amma müharibədə darmadağın olmuş ölkəni regionda davamlı sülh yaratmadan əvvəlki mövqeləri bərba etməyə həvəsləndirmək Ermənistanın özü üçün zərərlidir.
Çünki hərbi qüdrətin bərpa olunması təkcə müasir silahların alınması ilə bağlı deyil, onların arxasında güclü ordu dayanmalıdır. Ermənistanın belə potensialı qat-qa aşağıdır, Fransa bunu qiymətləndirmir, amma Paşinyan hökumətinin ölkənin təhlükəsizliyi üçün vəziyyəti real dəyərləndirməsinə ehtiyac var.
Makronun bəyanatından Azərbaycanın çıxaracağı əsas iki dərs var.
Birincisi, bundan sonra da Parisi regiondan və normallaşma prosesindən kənarda tutmalıdır;
İkincisi, Fransa ilə bir ələ oynayan Rusiyanın “sülhməramlılarının” ölkədən tezliklə çıxarılmasına çalışmalıdır.
Göründüyü kimi, mövqelər üst-üstə düşür və perspektivdə Moskvanın makronsayağı bəyanatlar səsləndirməsi gözləniləndir.