Azərbaycan nədən pul qazana bilər?
Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında istehsal olunan məhsulların xarici ölkələrə ixracında artım olub.
Fevralın 16-da İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov konfransda xatırladıb ki, 2022-ci illə müqayisədə ötən il üzrə ixrac 12.5 % artıb:
“Sənaye zonaları üzrə indiyədək ümumilikdə 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,9 milyard manatlıq və ya 32,2 %-ə yaxın hissəsi ixrac olunub.
Məhz 2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür.
Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6 %, ixracında isə 23,6 % təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 65-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Braziliya və s. ölkələrə) ixrac edilib”.
Maraqlıdır, Azərbaycan qeyri-neft sektoruna aid daha çox hansı məhsulları xarici ölkələrə ixrac edir? Azərbaycanın ixrac imkanlarının artırılması üçün münasib şərait var?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov açıqlamasında bildirib ki, ölkədə daha çox sənaye zonalarının yaradılmasına ehtiyac var:
“Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında istehsal olunan məhsullar əsasən qeyri-kənd təsərrüfatı məhsullarıdır. Burada əsasən tikinti materialları və ərzaq məhsulları istehsalı üstünlük təşkil edir. Digər sahələrə də aid məhsullar istehsal olunur.
O ki qaldı Azərbaycanda yeni sənaye zonalarının yaradılmasına, burada əsas məqsəd ölkədə qeyri-neft sektoruna daxil olan sənaye sahəsini inkişaf etdirmək və sənaye məhsullarının ixrac imkanlarını genişləndirməkdir.
Xatırladım ki, bu ilin yanvar ayı üzrə ixrac imkanlarımız əvvəlki dövrə nisbətən təxminən 22 % azalıb. Təbii ki, azalma qeyri-ərzaq məhsullarına aid sahədə geriləmə nəticəsində baş verib.
Bildirim ki, ölkənin qeyri-neft sektoruna aid olan məhsulların ixrac imkanlarının genişlənməsində sənaye zonaları mühüm və əhəmiyyətli rol oynayır. Aqrar sahə qeyri-neft sektorunun elə bir sahəsidir ki, onun məhsulları mövsümü xarakter daşıyır. İstənilən zaman aqrar məhsullarının ixracı azala bilər.
Əgər qeyri-neft və qaz sektoru üzrə ixrac imkanlarımızın ixracından danışırıqsa, əlbəttə ki, sənaye zonaları üzrə mövcud potensialı daha da inkişaf etdirməliyik. Sənaye parklarının imkanlarını mütləq şəkildə artırmalıyıq.
Qeyd edim ki, aqrar sahədə valyuta gəlirliyi sənaye məhsulları ilə müqayisədə aşağı səviyyədə olur. Həm sənaye, həm də aqrar sahəyə aid məhsulların ixracını artırmaqla əlavə valyuta gəlirlərinin axınına münasib şərait yaratmalıyıq”.