Qərbin Kiyevə xəyanəti Putinin əl-qolunu açıb – Gizli bazarlıq həyata keçirilir?

 

“Rusiya qoşunları Ukraynanın düşdüyü vəziyyətdən maksimum istifadə etməyə çalışır, üç istiqamətdə hücum əməliyyatı keçirir…

Donetsk vilayətindəki Avdeyevka şəhəri ölçüsünə görə hər nə qədər kiçik olsa da, hərbi və simvolik baxımdan kifayət qədər əhəmiyyətli məntəqə idi. Hələ 2014-cü ildən Rusiya işğalçı ordusunun hədəf aldığı, ötən ilin oktyabrından başlayaraq isə üzərinə kütləvi hücuma keçdiyi bu şəhər yenilməzlik simvoluna, qalaya çevrilmişdi. Lakin Qərbin riyakarlığı, satqınlığı və qətiyyətsizliyi ucbatından Ukraynanın lazımi silahlarla, heç olmasa artilleriya mərmiləri ilə yetərincə təmin olunmaması nəticəsində şəhər təslim edildi.

Artıq Putin başda olmaqla, Kreml və onun çirkin təbliğatçıları bu “qələbəni” bayram edir, işğalçı ordunun əsgərlərinə minnətdarlıqlarını bildirirlər. Hansı ki, ən böyük “minnətdarlıq” bütün insani hisslərdən məhrum edilmiş və pul-para qarşılığında “ət maşınına” göndərilən rusiyalılardan çox, baydenlərə, tramplara, ABŞ-dəki konqresmenlərə, eləcə də Avropadakı makronlara, şoltslara və digər rəzil, satqın siyasi alverçilərə düşür…

 

 

Artıq Qərbin Ukraynaya hərbi yardımları gecikdirməsi Rusiyaya bir çox cəbhələrdə Ukrayna qüvvələrinə təzyiq göstərməyə, hücum əməliyyatları keçirməyə kömək edir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) özünün son hesabatında qeyd edir ki, Rusiya qoşunları hazırda ən azı üç istiqamətdə hücum əməliyyatı keçirir:

1.Xarkov və Luqansk vilayətlərinin sərhədi boyunca, xüsusən Kupyansk və Liman istiqamətində;

2.Avdeyevkada və onun ətrafında;

3.Zaporojye bölgəsinin qərbindəki Robotino yaxınlığında.

ISW, eləcə də bir sıra Ukrayna və Qərb mənbələri hesab edir ki, Qərbin hərbi yardımındakı gecikmələr, yəni artilleriya sursatları və kritik hava hücumundan müdafiə sistemlərinin yoxluğu Ukrayna qüvvələrinin Avdeyevkanı müdafiə etməsinə mane oldu. Bununla yanaşı, qeyd edilir ki, Ukrayna qüvvələri çox güman ki, Avdeyevka yaxınlığında yeni müdafiə xətləri qura biləcək və bu, cəbhənin həmin sektoru boyunca Rusiyanın hücumunu yekunlaşdıracaq.

Lakin hərbi yardım gəlməsə, vəziyyət daha da ağırlaşacaq. ABŞ-dəki yarıtmaz və qətiyyətsiz Bayden administrasiyası bir tərəfdən, Trampın Konqresdəki əlaltıları isə digər tərəfdən Ukraynaya yardımın gecikdirilməsi üçün əllərindən gələni edirlər. Bu yardımın ümumiyytlə, olub-olmayacağı belə hələ sual altındadır. Avropada isə nə ABŞ-yə təsir edəcək, nə də Ukraynaya yardım məsələsində konkret, qətiyyətli addım atacaq dövlət, lider yoxdur.

Bu mövzuya toxunan “The Times” nəşri yazır ki, Avropa silah çatışmazlığını aradan qaldırmaq üçün yeni addımlar atmasa, Ukrayna Rusiya ilə müharibədə məğlub ola bilər. Nəşr qeyd edir ki, Putinin praktiki olaraq yeganə siyasi rəqibi olan Navalnının ölümü bir daha Rusiyanın qəddar diktaturaya yuvarlandığını, heç bir “qırmızı cizgisi” qalmayan olduqca böyük təhlükəyə çevrildiyini nümayiş etdirdi.

Qeyd olunur ki, Prezident Volodimir Zelenski Münhendə Qərbə, xüsusən də Vaşinqtona xəbərdarlıq etdi ki, Ukrayna indi müharibənin ən qaranlıq günlərini yaşayır. Əgər Qərbin sursat və hava hücumundan müdafiə vasitələri ilə bağlı verdiyi vədlər təcili olaraq yerinə yetirilməsə, Ukrayna işğalçını öz ərazilərindən sıxışdırmaq bir yana, Rusiyaya uzun müddət müqavimət göstərməyi belə bacarmayacaq.

ISW hesab edir ki, Rusiyanın bu hücumu Ukrayna qüvvələrinin əks-hücum əməliyyatlarını bərpa etmək üçün şəxsi heyət və texnika hazırlamasına mane olacaq. Mütəxəssislər qeyd edir ki, Qərbin verdiyi silahların kritik çatışmazlığı və ABŞ-nin hərbi yardımının tamamilə kəsilməsi qorxusu Ukrayna qoşunlarını öz texnikasını bütün cəbhə boyu səpələməyə vadar etdi və Rusiya qoşunları bu vəziyyətdən istifadə etməyə başladı.

Nəticədə onlar Avdeyevka istiqamətilə bərabər, 2024-cü il yanvarın əvvəlindən Xarkov və Luqansk vilayətlərinin sərhədi boyunca, son 48 saaat ərzində isə Zaporojye vilayətinin qərb hissəsində hücuma başlayıblar. Artıq həmin istiqamətdə müəyyən irəliləyişə də nail olan Rusiya qoşunları Ukraynanın düşdüyü vəziyyətdən maksimum istifadə etməyə çalışır. Bunun nə qədər davam edəcəyi və Rusiyanın hara qədər gedə biləcəyi bəlli deyil…

Bir sözlə, Avdeyevkanın təhvil verilməsi Qərbin öz vədlərini yerinə yetirməməsinin, Ukraynaya qarşı xəyanətinin növbəti “əsəridir”. Belə təəssürat yaranır ki, sanki bilərəkdən Ukraynaya silah verməyərək Avdeyevkanın işğalına imkan yaradılması, rus ordusunun “əl-qolunun açılması” yolu ilə hansısa gizli bazarlıq həyata keçirilir. Eyni zamanda, bununla, rəsmi Kiyevə Rusiya ilə danışıqlar, ərazi güzəştləri məsələsində təzyiq göstərilir… /AzPolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password