Valeh Hacıyevin oğlu Kiprdə şirkət qurdu: alkoqollu içkilər satır
Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurub.
Bu barədə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, sədr müavininin Kiprdə qurduğu işə oğlu Orxan Hacıyev rəhbərlik edir. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsinin vacibliyini qeyd edib.
Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, “Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, araşdırması zamanı onun əvvəllər də – 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
“Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Bu haqda növbəti yazımızda.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq./afn.az