Ukrayna ordusu: Avdiivkanın işğalı Rusiyaya 50 minə yaxın itkiyə başa gəlib
Ukraynanın Donetsk vilayətinin Avdiivka şəhərinin işğalı Rusiyaya 17 min ölü daxil olmaqla 47 min itkiyə başa gəlib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” operativ-strateji qoşun qrupunun nümayəndəsi Dmitro Lixoviy BBC-yə müsahibəsində bildirib.
Ukrayna tərəfinin qiymətləndirməsi müstəqil mənbələrlə yoxlamaq qeyri-mümkündür, bundan başqa, Kreml də müharibədəki, xüsusilə sözügedən döyüşdəki öz itkilərini açıqlamır. Moskva sonuncu dəfə 2022-ci ilin sentyabrında ordunun ümumi itkilərini açıqlayıb (Kiyev indiyədək ümumiyyətlə açıqlamayıb). Avdiivka kontekstində isə Rusiya Prezidenti Vladimir Putin rəqəm çəkmədən ancaq “həlak olanlar”dan bəhs edib. Bununla belə, ABŞ kəşfiyyatı hələ ötən ilin dekabrında Rusiyanın sözügedən istiqamətdəki ölü və yaralı itkilərini 13 min hesablayıb.
Xatırladaq ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdiivkadan çəkilməsini elan edib. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənmişdi. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.