Xəzərin ən bahalı sərvəti hansı ölkələrə axır və nə qədər gəlir gətirir?
Azərbaycan nərə balıqları kürüsünün ixracını artırıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 487,1 min dollar dəyərində 530 kiloqram (kq) nərə balıqlarının kürüsünü ixrac edib. Bu, 2022-ci il ilin yanvar-noyabr ayları ilə müqayisədə dəyər baxımından 1,7 dəfə, miqdar baxımından 2,2 dəfə çoxdur.
Keçən il 1 kq kürünün orta ixrac qiyməti 919 dollar (1562 manat), 2022-ci ildə isə 1172 dollar (1992 manat) təşkil edib.
Ötən il Azərbaycan Rusiyaya, ABŞ-yə, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Sinqapura və digər ölkələrə nərə balıqları kürüsü ixrac edib. Məsələn, keçən ilin 11 ayında Azərbaycadan Rusiyaya 109 min dollar dəyərində 170 kiloqram kürü göndərilib. Rusiyaya 1 kiloqram kürünün orta ixrac qiyməti 641 dollar təşkil edib. ABŞ-yə 123,7 min dollar dəyərində 170 kiloqram kürü göndərilib. ABŞ-yə 1 kiloqram kürünün orta ixrac qiyməti 728 dollar təşkil edib.
“İxracın artması balıq sənayesinin genişlənməsindən xəbər verir”
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, balıqçılığın inkişafı və bu sahəyə daha çox investisiyanın cəlb edilməsi prioritetdir. Çünki balıqçılıq həm yerli tələbin ödənilməsi həm də ixrac imkanları baxımından çox vacibdir:
“Bu sahədə ixrac imkanları kifayət qədər genişdir və ixracın artması balıq sənayesinin genişlənməsindən xəbər verir. Balıq sənayesinə malik olan ölkələrin təcrübəsi göstərir ki, onlar həm kürü ixracını həm də balıq istehsalını optimallaşdırır. Bütün hallarda kürünün bir hissəsi ixrac olunur və ya daxili bazarda istehlak olunur. Ona görə də ixrac ilə istehsal arasında optimallığın tapılması çox vacibdir. Azərbaycanda da balıqçılıq sənayesində yanaşma bu optimallığın qorunub saxlanılmasıdır”.
Azərbaycanın kürü məhsullarının Avropa İttifaqına ixrac imkanı yaranıb
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beynəlxalq tədbirdə bildirib ki, balanslı qidalanma üçün ölkənin su bioresurslarından faydalanma yollarının inkişaf etdirilməsi gələcək nəsillərə təhlükəsiz və əlçatan qidanın ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir:
“Qidalılıq dəyəri yüksək olan balıqçılıq və digər su bioresursları məhsulları Azərbaycanda ərzaq probleminin həllində aktual məsələlərdən hesab edilir. Ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkəmizdə balıqçılıq və digər su bioresursları məhsullarının istehsalının və ixracının artırılması ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasının təmin edilməsi prioritet hesab edilir”.
Q.Təhməzli bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” qanundan irəli gələn tələblərin yerinə yetirilməsi nəticəsində sözügedən məhsullara dair qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və digər sahələr üzrə uğurlar əldə olunub:
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri çərçivəsində Azərbaycanda istehsal olunan, akvakulturada yetişdirilən balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixrac edilməsi imkanı əldə olunub”.
2023-cü ildə su hövzələrinə nə qədər balıq buraxılıb?
Əlavə edək ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev yalnız 2023-cü il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələrinin su hövzələrinə buraxıldığını deyib. Onun sözlərinə görə, son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb:
“Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir. Akvakulturada suyun səmərəli istifadəsi, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir. Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb”.
Nazir müavini qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.
Nərə balıqları – Xəzərin ən qiymətli varlığıdır
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər dənizində 6 növ nərə cinsli balıq yaşayır. Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb. Nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri bir neçə faktordur:
-90-cı illərdə brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması;
-kürütökülən əksər çaylarda və hər şeydən əvvəl Kür çayında bəndlərin salınması;
-Xəzər dənizinin çirkləndirilməsi;
-bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması;
-yabanı orqanizmlərin dənizə düşməsi və onların mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması.
Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatıb. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox ərzaq balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona düşmüşdür. Hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi min tondan artıq deyil.
Hazırda nərə cinsli balıqların populyasiyalarının mövcudluğu və artması balıqartırma zavodlarının hesabına mümkündür. Keçən əsrin ortalarında Xəzərin əsas çayları üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də Xəzəryanı ölkələrdə hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün ölkələrdə nərə balıqartırma zavodları tikilib. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu demək olar ki, 99 faiz həmin zavodların fəaliyyəti hesabınadır.
Son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisələrində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərə cinsli balıq körpələri buraxılır.
Qara kürü istehsalının 10 ton olması gözlənilir
Onu da qeyd edək ki, “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, 2027-ci ildə akvakultura üsulu ilə yetişdirilmiş nərə balıq ətinin 15000 ton, qara kürü istehsalının 10 ton olması gözlənilir. Balıq və balıq məhsulları istehsalında ciddi artımın baş verməsi mövcud balıq emalı müəssisələrinin tam güclə işləməsinə səbəb olmaqla bərabər, yeni balıq emalı müəssisələrinin yaradılması zərurətini də yaradacaq. Balıqların cins tərkibinin yaxşılaşması balıq və balıq məhsulları istehsalını artırmaqla yanaşı, əhalinin keyfiyyətli balıq və balıq məhsulları ilə təminatına gətirib çıxaracaq.