Vergilər artır, rüsumlar çoxalır, amma kimsə çıxıb demir ki…
Daha bir vergi növü peyda oldu: bu qədər vəsait kimin cibindən çıxır?
Yeni ildən vətəndaşlarımızı daha bir vergi növü qayğılandırıb. İndi fevral ayından Avtomobillərin Utilizasiyası Fondunun fəaliyyətə başlaması çərçivəsində yeni və köhnə avtomobillər üçün vergi yükü ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
Ölkəyə idxal olunan 4 yaşından yuxarı avtomobillər üçün də gömrük rəsmiləşdirilməsindən keçərkən vergi ödəyirlər. Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu halda dövlət rüsumu 400-700 manat arasında dəyişir.
“Avtomobilin buraxıldığı tarixdən dörd ildən çox vaxt keçibsə, bu rüsum ödənilməlidir. İndi bu vergilərə daha bir rüsum əlavə edilib. “Dövlət yol polisi orqanlarının avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”a edilən dəyişikliklərə əsasən, avtomobilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda texniki baxış keçirilərkən dövlət rüsumunun ödənilməsi ilə yanaşı, sürücülərdən “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq utilzasiya haqqının ödənilməsini təsdiq edən sənəd tələb olunur”, – deyə ekspert bildirib.
Göründüyü kimi, yeni ildən başlayaraq dövlət rüsumlarının geniş çeşidində daha çox vergilər olacaq. Bu, vətəndaşlarımızın maddi vəziyyətinə necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli şərhində söyləyib ki, azərbaycanlılar onsuz da, bəzən özləri də fərqinə varmadan çoxlu vergi ödəyirlər: “Bir də sadə vətəndaş öz gözü ilə müşahidə edə bilər ki, onun əmək haqqından, məsələn, Dövlət Sosial Müdafiə Fonduna, işsizliklə mübarizəyə, icbari tibbi sığortaya və s. nə qədər vəsait ödənilir, amma bir çox dövlət rüsumları ödəmələrindən şübhələnmir belə. Baxmayaraq ki, bu, insanların dövlət xəzinəsinə mütəmadi olaraq vergi ayırmaları ödəməsinə mane olmur. Məsələn, mağazalarda malların üzərindəki qiymət etiketləri bəzən insanlarda depressiyaya səbəb olur, lakin alıcı bilmir ki, rəfdə olan malların son qiymətində ciddi miqdarda vergilər əks olunur”.
“Bu halda biz dolayı vergilərlə – əlavə dəyər vergisi (ƏDV), bütün növ aksizlərlə məşğul oluruq. Bunların hamısı piştaxtadakı son qiymətdə və deməli, istehlakçı inflyasiya səviyyəsində əks olunub”, – deyə müsahibimiz vurğulayıb.
“Büdcənin proqnozlaşdırılan gəlirlərinə diqqətlə baxsanız, bu il neft-qaz sektoru üzrə dövlət büdcəsinin gözlənilən məcmu gəlirləri 17 milyard 164 milyon manat təşkil edəcək. Eyni zamanda, Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə daxilolmaların daha 1 milyard 122 milyon manat artırılması – 13 milyard 865 milyon manata çatdırılması, gömrük daxilolmalarının da artırılması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi xəzinəyə 5 milyard 900 milyon manat vəsait köçürəcək ki, bu da bu ilin proqnozlarından 172 milyon manat və ya 3 faiz çoxdur. 388 milyon manatı digər gəlir mənbələri, 831 milyon manatı isə büdcə təşkilatlarının pullu xidmətlərinin payına düşəcək”, – deyə analitik izah edib.
Artıq qeyd edildiyi kimi, ayırmaların ən “məqsədli” maddəsi fərdi gəlir vergisidir. Gələn ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalara 1 milyard 895 milyon manat, sadələşdirilmiş vergi üzrə isə daha 333 milyon manat vəsait nəzərdə tutulub. Bundan əlavə, ƏDV üzrə proqnozlaşdırılan gəlirlər 7,5 milyard manat, idxaldan əlavə dəyər vergisi 4,2 milyard manat, aksizlər 1,5 milyard manat, o cümlədən idxal üzrə aksizlər 173 milyon manat təşkil edəcək.
Həmçinin yol vergisi 127 milyon manat, büdcə təşkilatlarının pullu xidmətlərindən gəlirlər 831 milyon manat, o cümlədən Sosial Sığorta Fonduna ödənilən məcburi dövlət sosial sığorta haqları 5,2 milyard manat olacaq. Avtomobilin, mənzilin, sağlamlığın, işsizliyin icbari sığortası üzrə xərclər də ümumi məbləği 500 milyon olan vergi növləridir.
Cəfərlinin sözlərinə görə, nəticədə bütün bu məbləğlər vətəndaşların – alıcıların və istehlakçıların cibindən ödənilir: “İndi bu rüsumlara 10-40 manat məbləğində avtomobillərin utilizasiyası vergisi də əlavə edilib. Vergi ödəməyə etirazım yoxdur, lakin bu məsələdə normal iqtisadi fəaliyyət üçün optimal yanaşmalara riayət edilməlidir”.
İqtisadçı ekspert Akif Nəsirli də istehlak qiymətlərinin bahalaşmasının səbəbini biznesin aktiv şəkildə artan vergi yükündə görür: “Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti vasitəsilə sabit artan rüsumlar qiymət artımı sürətinin intensivləşməsi deməkdir. Çünki məhsul və xidmətlərin maya dəyərinin artması son qiymətdə öz əksini tapır və adi istehlakçıların cibindən ödənilir”./ayna.az