XX əsrin əvvəlinə aid xəritələr masada: Sərhədlər belə müəyyənləşəcək…
Azərbaycanla Ermənistan arasında sərhədlərin hansı xəritələr əsasında təyin edilməsi hələ bilinmir. Ona görə də tərəflər arasında hansı ərazilərin necə əsaslandırılması prioritet məsələlərdən biri olacaq.
Bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, 1991-ci ildə əldə edilmiş Almatı razılaşmasında ümumi prinsiplərdən bəhs edilib:
“Burada ərazi bütövlüyü ilə bağlı məsələlər öz əksini tapıb. Sovet dövrünə aid istinadlar qeyd olunub. Amma konkret detallar qalıb. Çünki bunlar mütləq şəkildə topoqrafik xəritələrə uyğun gəlməlidir”.
Partiya sədri hesab edir ki, burada hər iki ölkənin sərhədlərinin dəqiqləşməsi üçün müxtəlif dövrlərin xəritələrindən söhbət gedir:
“Azərbaycan tərəfi burada XX əsrin əvvəllərinə aid olan xəritələrə istinad edir. Azərbaycan Xalq Cumhuriyyəti dövrünün və ilkin başlanğıcda olan sovet dövrünün xəritələrinə istinad əsas şərt kimi qoyulur”.
Fazil Mustafaya görə, Azərbaycanın mövqeyi məhz tarixi reallıqlara əsaslanır:
“Erməni tərəfinin israr etdiyi xəritələrin hansı dövrə aid olacağı isə hələləik bəlli deyil. Hər halda bu məsələlər ətrafında müzakirələr vaxt aparacaq. Çünki uzlaşma üçün vahid sənəd, xəritə üzərində dayanmağa ehtiyac var. Bu olmasa, məsələ mürəkkəbləşə bilər”.