Ermənistanla bu müstəvidə dialoq qurulur: AŞPA kənarda qaldı – Seyidov açıqladı
Hazırkı səviyyədə olan münasibətlərin və bu işlərin təşəbbüskarı, təşkilatçısı Azərbaycan deyil. İndiki halda AŞPA-nın özünə yaratdığı əngəllər Azərbaycanla bağlı deyil. El deyimində olduğu kimi? AŞPA-dakılar papaqlarını qabaqlarına qoyub, düşünsünlər. Əgər papaqları varsa… Düşünsünlər ki, hansı addımı atmaqla təşkilatlarının gələcəyini, nüfuzunu, mövcudluğunu qoruyub saxlaya bilərlər.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu məsələ bir daha şərh olunub: “Amma görüşdə cənab Prezidentlə baş katib daha bir məsələni müzakirə edib. Baş katib öz bəyanatında bunu konkret olaraq vurğulayıb. Bu, Azərbaycanla Ermənistan parlamentlərarası dialoqun təşkil olunması ilə bağlıdır. Parlamentlərarası İttifaq bunun üçün əlində gələni etməyə hazır olduğunu bildirib”.
Millət vəkili bildirib ki, Avropa Şurasında Azərbaycanla Ermənistan illər boyu bir yerdə idi: “Onlar da həmişə çalışırdılar ki, parlament diplomatiyası Avropada olsun. Avropa Şurası isə bu imkanı öz əlləri ilə kəsdi. Sözsüz ki, başqa təşkilatlar bu təşəbbüsü ələ alacaqlar. Prosesdən kimin zərər çəkdiyini Avropa Şurası özü müəyyənləşdirməlidir”.
Səməd Seyidova görə, başqa yerdə də bu görüşləri keçirib parlament diplomatiyasını inkişaf etdirə bilərik: “Amma yenə uduzan Avropa Şurası oldu. Bu baxımdan cənab Prezident onlara tamamilə doğru xəbərdarlıq etdi. Burada digər əsas məqamlar da diqqətdən yayınmamalıdır. Hazırda Azərbaycan nümayəndə heyəti Avropa Şurasında hakimlərin, baş katibin seçkisində inştirak etmir. Belə olduğu halda Avropa İnsan Haqqları Məhkəməsinin qərarlarını Azərbaycan necə icra edəcək? Ona görə də, nə qədər tez səhvlərini başa düşüb, geri addım atsalar Azərbaycan normal şəkildə qarşılıqlı hörmət əsasında fəaliyyətini bərpa edə bilər. Bunu etməyəcəklərsə, başa düşməyəcəklərsə, Avropa Şurası, Avropa İnsan Haqqları Məhkəməsi geridə qalan məsələlər olacaq”.