Ölkədə dollara tələb 3 dəfə artdı – MB-yə çağırış
Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu, son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir.
Bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı:
“Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir.
Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.
Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, əvvələr də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”./axar.az