Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.
“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə üzv dövlətlərin nümayəndələrinin Türkiyənin İstanbul şəhərində keçirilən toplantısında qərar qəbul edilib.
Quruma ilk 3 ildə Türkiyə sədrlik edəcək.
Bildirilib ki, Şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır.
Rəqabət Şurasının növbəti iclasının Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçiriləcəyi planlaşdırılır.
Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.