Dünyanın “İkinci Ordusu”nun “Kinjal” yalanı – Çin nədən məyusdur?

 

Hələ Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk günlərindən Rusiya ordusu barədə işlədilən “Dünyanın ikinci ordusu” qiymətləndirməsinin sabun köpüyündən ibarət olduğu üzə çıxmışdı. Bu, təkcə sözügedən ordunun döyüş qabiliyyətində, nizam-intizamında, taktiki və strateji idarəetməsində deyil, Rusiya silahının keyfiyyətində də özünü göstərdi və göstərməkdə davam edir.

Rusiyanın uzun illərdir təriflədiyi “Kinjal” hipersəs raketlərinin gerçək imkanları təkcə Kremli deyil, Rusiyanın yaxın tərəfdaşlarını da məyus edib.

Artıq çinli mütəxəssislər də “Kinjal”-ın elan olunan imkanlarına şübhə ilə yanaşır, hətta onun əsl hipersəsli, yəni səsdən yüksək sürətə malik raket olduğuna dair iddialara inanmırlar.

 

 

“Business Insider” nəşrinin bu mövzuyla bağlı hazırladığı məqalədə deyilir ki, Çin hipersəs raketi kimi təqdim olunan “Kinjal”ın gerçək gücünü görəndən sonra məyus olub. Çinli mütəxəssislərin fikrincə, bu raketlərin kifayət qədər manevr qabiliyyəti yoxdur və onların dəqiqliyi qənaətbəxş deyil: “Çin bu raketlərin Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi “Patriot” sistemlərinə qarşı necə duruş gətirdiyini anlamaq üçün Ukraynada “Kinjal”lardan istifadəni diqqətlə izləyir. Artıq Pekin ümid edir ki, yalnız özünün istehsal etdiyi hipersəs raketləri potensial müharibədə Çinə ABŞ qarşısında üstünlük verəcək. Çindəki hərbi analitiklər isə Rusiya raketinin effektivliyini şübhə altına alır”.

Daha sonra yazıda tanınmış Çin hərbi analitiki Yin Jienin “Ordnance Industry Science and Technology” hərbi jurnalındakı məqaləsindən sitat gətirilir: “ABŞ və Ukrayna tərəfinin bu məsələdə söylədiklərinin doğru olduğuna dair artan sübutlar var”.

Yin Rusiyanın “Kinjal” raketinin “döyüş meydanına əhəmiyyətli təsir göstərmək ehtimalı”nın az olduğunu bildirib. O, qeyd edib ki, “Kinjal” Rusiyanın “İsgəndər” raketinin tələsik və qeyri-qənaətbəxş təkmilləşdirilmiş variantıdır: ““Kinjal”ın manevr qabiliyyəti əsl hipersəs raketi ilə müqayisə oluna bilməz və onun ballistik trayektoriyası “Kinjal”ı “Patriot” üçün əlçatan edir”.

Bənzər bir fikrə Pekinin məşhur müdafiə və elmi jurnalı “Military Arms” tərəfindən dərc olunan “Ukraynada “Kinjal” və “Patriot” arasında qarşıdurma” məqaləsində də rast gəlinir. Həmin təhlildə deyilir ki, “Kinjal” ən yaxşı halda “şərti hipersəs raketidir”: “Rusiya “Kinjal”ı hipersəs raketi adlandırsa da, digər ölkələrin analitikləri ümumiyyətlə hesab edirlər ki, “Kinjal” qısa mənzilli “İskəndər” ballistik raketinin havadan buraxılan bir versiyasıdır. Bu, əsl hipersəs raket deyil, çünki “Kinjal” hipersəs sürətlə effektiv manevr edə bilmir, baxmayaraq ki, həmin sürətə çata bilir”.

Yin bu raketlərdən istifadə prosesini də tənqid edib. O, qeyd edib ki, Rusiya “Miq-31” təyyarələrindən “Kinjal”ların buraxılmasını dayandırıb, əvəzində “Su-34” təyyarələrindən istifadə etməyi üstün tutub. Ancaq bu da lazımi effekti vermir. Çünki bu təyyarələrin sürəti tələblərə uyğun deyil: “Onlar bu raketləri optimal sürətlə buraxmaq üçün çox yavaş uçurlar”. Yin hesab edir ki, onsuz da yavaş uçan “Miq-31” və “Su-34” ağır “Kinjal”larla daha da ağırlaşırlar.

 

 

Digər çatışmazlıq Rusiyanın peyk raket idarə sistemidir. Çinli analitikin fikrincə, dəqiqliyi təmin etmək üçün Rusiyanın kifayət qədər peykləri yoxdur: “Dəqiqlik qeyri-qənaətbəxşdir”.

Nəhayət, tanınmış çinli mütəxəssis qeyd edib ki, Rusiyanın sadəcə olaraq, kifayət qədər “Kinjal”ı yoxdur: “Qərbin sanksiyaları Moskvanın sürətlə silah istehsal etmək imkanlarını, bu da raketlərdən istifadə imkanlarını məhdudlaşdırıb”.

Xatırladaq ki, yanvarın əvvəlində Kiyevdə növbəti dəfə “Kinjal” raketi vurulub. Rusiya tərəfi belə məlumatları şərh etməkdən hər nə qədər yayınsa da, digər “analoqsuz” silahları kimi, “Kinjal”-ın da reklam edilən imkanların xeyli altında olduğunu gizlətmək olmur.

Ancaq bütün bunlara baxmayaraq, Kreml öz sınıq-salxaq silahları və ordusu ilə Ukraynada ölüm saçmaqda davam edir. Döyüş meydanında heç bir ciddi uğur əldə edə bilməyən Rusiya ordusunun dinc şəhərləri bombalaması isə bu ordunun döyüş qabiliyyətinə görə “dünyanın ikinci ordusu” yox, mülki əhaliyə divan tutmaq üzrə “dünyanın birinci ordusu” olduğunu təsdiqləyir. /AzPolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password