İrəvanın Bakıya təklifi Moskvanı narazı saldı – Təpki sərt oldu
Qərbi razı salmaq üçün absurdluğa yuvarlanmaqdan çəkinmək lazımdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyanın İrəvan və Bakı arasında danışıqların Vaşinqton və Brüsseldə aparılması təklifini şərh edərkən deyib.
“Məndə belə bir duyğu var ki, belə sözlər söyləyən bəzi insanlar ölçü hissini itiriblər. Bu, bizim belə bir mövqeyi anlamamağımızla bağlı məsələ deyil, bu, Ermənistanın özü üçün çox vacib məsələdir. Cənubi Qafqazda həqiqətən davamlı sülhün bərqərar olması üçün alternativsiz yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər silsiləsidir.
İcazə verin, Vaşinqton və Brüssel platformalarının daha yüksək legitimliyindən danışanlara xatırladım, Vaşinqton və Brüssel bu anlaşmaları ya üzdən köçürüblər, ya da öz fürsətçi maraqları üçün dəyişdiriblər. ABŞ başda olmaqla kollektiv Qərbin beynəlxalq hüququ kobud şəkildə pozmaqla, müharibələr və münaqişələri qızışdırmaqla, rəngli inqilablar təşkil etməklə, qərblilərin özləri tərəfindən icad edilmiş qaydaları tətbiq etməklə məşğul olduğunu nəzərə aldıqda, bu saxta vasitəçilərin legitimliyindən necə danışmaq olar?
Digər çox mühüm məqam isə odur ki, Vaşinqton və Brüssel platformalarında, məsələn, Ermənistanın milli maraqlarına zidd olan nəsə müzakirə olunsa, belə siyasətçilərin bəyanatlarını xatırlamayacaqlarmı ki, həmin platformalar bəyanat və sənədlərə daha yüksək legitimlik verir? Siz sadəcə tarixi – ölkələr və regionlarınızın tarixini bilməlisiniz”, – Rusiya rəsmisi bildirib.
Zaxarova əlavə edib ki, çox vaxt Qərbin dostları onun köməyi ilə məğlub olurlar.