Pensiya kapitalı ilə bağlı MÜHÜM YENİLİK: Qərar bu tarixdə TƏSDİQLƏNƏCƏK
Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Bunu ötən gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Bəs özəl pensiya fondlarının yaradılması pensiyaçılara hansı imkanlar yaradacaq?
Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədov açıqlamasında bildirib ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlara seçim imkanı verəcək:
“Bir neçə ildir ki, bu barədə Milli Məclisdə fikirlərimi bildirmişəm. Özəl pensiya fondları yaradılmalı idi, çünki pensiya təminatı olan insanların seçim hüququ olmalıdır. İnkişaf etmiş ölkələrdə pensiyalar necə hesablanır, necə verilirsə, bizdə də elə olmalıdır. İnsanların seçim hüququ olduqda onlar daha çox mənfəət əldə edə bilirlər. Bu barədə dəfələrlə Milli Məclisdə fikirlər qaldırmışdım və bildirmişdilər ki, lazımi qurumlarda bununla bağlı işlər gedir”.
Deputat qeyd edib ki, özəl pensiya fondlarının yaradılması Azərbaycan əhalisinə, eləcə də pensiyaçıların pensiyasına müsbət mənada təsir edən əsas amillərdən biri olacaq. Onun sözlərinə görə, özəl fondların yaradılmasından sonra pensiyaların artırılması hazırda dəqiq bilinməyən bir məsələdir: “Pensiyalarda artımın necə olacağını demək hələlik çətindir. Çünki mövcud qurumun yaradılmasından sonra bu suallar öz cavabını tapacaq. Amma ümumi olaraq bunun vətəndaşlara çox müsbət əhəmiyyəti olacaq”
Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, özəl pensiya fondlarının yaradılmasına uzun müddətdir ki, ehtiyac var idi, lakin yaradılan fondun necə fəaliyyət göstərəcəyi əsasnamə və sənədlər təsdiq olunandan sonra bilinəcək:
“Özəl təqaüd fondlarının yaradılması özü özlüyündə pozitiv bir qərardır. Biz uzun müddətdir ki, bunun üçün çağrışlar edirdik. Amma bir çox sualların cavabı əsasnamə təsdiq olunandan sonra bilinəcək. Hansı şərtlərlə yaranacaq, hansı prinsiplər olacaq, necə qorunacaq, vətəndaşlara hansı üstünlüklər təklif olunacaq – bütün bunlar əsasnamə və sənədlər təsdiq olunandan sonra təsdiqlənəcək. Əgər mənətiqi ardıcıllıq qursaq, vətəndaşlarla özəl fondlar arasında tipik yox, fərdi müqavilələrin bağlanılmasına ehtiyac var. İndi bu qərar olacaq ya yox bilmirik”.
İqtisadçı qeyd edib ki, biz hazırda məcburi icbari sığorta ilə mükəlləfik. Onun sözlərinə görə, icbari yox, könüllü olaraq müqavilə şərtləri ilə özəl fondlarla razılaşma əldə edəcəyik ya yox, buna qəbul olunmuş sənədlərdən sonra fikir bildirmək mümkün olacaq: “Hazırda Azərbaycanda pensiya kapitalı ilə bağlı ən böyük problem avtomatik olaraq minimum əməkhaqqı artan kimi pensiya kapitalının da artmasıdır. 2022-ci ildə minimum təqaüd 240 manatdan 280 manata qaldırıldı və avtomatik olaraq qanuna görə pensiya kapitalı həmin an 40 min 220 manata qalxdı. Bu doğru deyil”.
Sabah minimum təqaüd 400-500 manata qalxsa, belə çıxır ki, pensiya kapitalı 70-80 minə qədər artacaq. Bu qədər vəsaiti heç kim yığa bilməz. Özəl təqaüd fondlari olduqdan sonra vətəndaşlarla qurum arasında fərdi müqavilə bağlanacaq. Bu zaman kapitalın yığım hissəsini artırmaq da olacaq, əlavə özünüz də vəsait qoya biləcəksiniz – deyə Natiq Cəfərli əlavə edib./referans.az