Qafqazda böyük sülhün taleyi Putinin mövqeyindən asılıdır

 

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzə nümayəndəsi Elçin Əmirbəyov bu yaxınlarda Estoniyanın ERR teleradiokompaniyasına verdiyi müsahibədə tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına çağırıb və bunun Avropaya faydalı olacağını bəyan edib. Lakin bu bəyanat Azərbaycan rəsmilərinin bəzi Qərb dövlətlərini erməni revanşist qüvvələrini dəstəkləməkdə və bununla da sülh prosesinə mane olmaqda ittiham etmələri fonunda səslənib.

Əmirbəyov vurğulayıb ki, Avropa İttifaqı (Aİ) vahid deyil və Aİ-nin ayrı-ayrı ölkələrinin mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunmasına təsir göstərir. Azərbaycan bundan əvvəl də Qərb ölkələrini Ermənistanı silah satışı yolu ilə dəstəkləməkdə ittiham edib və hətta bəzən Qərbin vasitəçiliyinin zəruriliyini şübhə altına alıb.

Azərbaycanın Ermənistanla ikitərəfli danışıqlara hazır olduğunu bildirdiyi və sərhədlərin müəyyənləşməsi üzrə ikitərəfli görüşləri bərpa etdiyi bir zamanda, Avropa ölkələrinin onilliklərlə davam edən münaqişə zamanı Ermənistanın mövqeyini dəstəkləməsi ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır.

Bakı bu incə məqamda nəyə nail olmağa çalışır? Əgər Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsi bağlamaq niyyətindədirsə, bu ittihamlar nəyinə lazımdır? Burada Zəngəzur dəhlizini sonradan Türkiyənin və müvafiq olaraq Avropanın nəqliyyat şəbəkəsi ilə birləşdirmək üçün onun Ermənistan ərazisindən çəkilməsinə nail olmaq daha aydın arqument ola bilər. Doğrudanmı Azərbaycan rəhbərliyinin bütün bunlara ehtiyacı var? Yoxsa Ermənistanla tez bir zamanda sülh ona çox vacib olan digər səbəblərə görə lazımdır?

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin son 3 ildə çox mürəkkəb vəziyyətdə olmasına baxmayaraq, sülh yolunda mühüm irəliləyişlər əldə olunub.

“Xronologiyaya diqqət yetirsəniz, 44 günlük müharibədən sonra ötən ilin sentyabrına qədər (19 sentyabr antiterror əməliyyatı) Qərb (Brüssel) danışıqları masasında 2 mühüm mövzu var idi:

Azərbaycanın ərazi bütövlüyü;
Qarabağ ərazisində yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi.
Bu məsələlərdən birincisi 2022-ci ilin oktyabrında Praqa danışıqlarında həll olunmuşdu. Qarabağın erməni əhalisinin ötən il sentyabrın 19-da keçirilən əməliyyatdan sonra ərazini tərk etməsi isə onların hüquq və təhlükəsizliyi məsələsini gündəmdən çıxartdı. Bu baxımdan, iki ölkə arasında sülh sazişinin imzalanması üçün praktiki olaraq həll olunmamış prinsipial məsələ yoxdur.

Yalnız delimitasiya və demarkasiya məsələsi qalıb, tərəflər bununla bağlı vasitəçisiz görüşlərə başlayıblar və sülh sazişinin imzalanmasından sonra da bu məsələnin həllinin davam edə biləcəyi barədə bəyanat veriblər.

Verdiyim izahatdan aydın olur ki, tərəflərin sülhdən yayınmasına imkan yaradan heç bir prinsipial nüans yoxdur. İki ölkə arasında sülhə mane ola biləcək yeganə səbəb geosiyasi müdaxilə ola bilər. Nə rəsmi Moskvanın rəsmi Bakı ilə müttəfiqlik münasibətləri, nə də Qərbin rəsmi İrəvanla incə münasibətləri sirr deyil. Hər iki güc mərkəzi tərəflərdən birini sülhdən yayınmağa sövq etməyə qadirdir. Ancaq o da göz qabağındadır ki, Qərb, xüsusən də Vaşinqton iki ölkə arasında sülhün imzalanmasında çox maraqlıdır və bu məsələdə hər iki ölkəyə daim təzyiq göstərir. Hazırda bu təzyiq rəsmi Bakının sülhə imza atmaq istəyində həlledici rol oynayır”, – Fəttah hesab edir.

Onun fikrincə, rəsmi Bakı məhz bu təzyiq fonunda ona sülhdə maraqlı olmayan tərəf damğasının vurulmasından yayınmağa çalışır. “Bu xoş niyyətin real sülh razılaşmasına gətirib çıxarıb-çıxarmayacağı Kremlin mövqeyindən asılı olacaq. Kreml iki ölkə arasında Qərbin vasitəçiliyi ilə sülhün imzalanmasına qəti şəkildə dirəniş göstərsə, ilk növbədə bunun qarşısını müttəfiqi olan rəsmi Bakının əli ilə almağa çalışacaq.

Eyni zamanda, Kremlin rəsmi İrəvanı iqtisadi rıçaqlarla təhdid etmək imkanı da var. Bir sözlə, təəssüf ki, Putin hələ də Cənubi Qafqazda sülhün qarşısını almaq üçün təsirli vasitələrə malikdir. Əgər o, bu vasitələri işə salsa, biz artıq sülhə olan ümidləri deyil, yeni eskalasiyanı müzakirə etməli olacağıq.

Əgər əks ssenariyə, yəni Kremlin iki ölkə arasında sülhə mane olmaq niyyətində olmadığına inansaq, o zaman ikinci sualınız – Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmə gələ bilər. Bu dəhlizin açılmasında İrandan başqa, Moskva, Vaşinqton, Ankara və Bakı maraqlıdır. Moskva etiraz etməsə, o zaman Ermənistanla tezliklə sülhün imzalanması rəsmi Bakı üçün çox cəlbedicidir. Hazırda yalnız Gürcüstanda nüfuz sahibi olan Azərbaycan, sülh bağlanandan sonra regionda təsiri bir qədər də artacaq müttəfiqi Ankaranın dəstəyi ilə nüfuzunu bütün Cənubi Qafqaza yaymaq imkanı əldə edəcək.

Bununla belə, yuxarıda qeyd etdiyim geosiyasi səbəblərin olması bizi iki ölkə arasında sülhün tezliklə imzalanmasına dair kövrək ümidlərə şübhə ilə yanaşmağa məcbur edir”, – ekspert yekunlaşdırıb./pressklub.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password