İlham Əliyev 5 fərman imzaladı
İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 2 811 428 292,00 manat, xərcləri 2 811 428 292,00 manat məbləğində olacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.
***
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1039-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.24 – 20.0.28-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;
1.3. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur;
1.4. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
1.5. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.
2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521; 2022, № 1, maddə 19, № 5, maddə 474; 2023, № 1, maddə 92) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-1-ci bənddə “və 20.0.23-cü (hər iki halda)” sözləri “, 20.0.23-cü (hər iki halda) və 20.0.24 – 20.0.28-ci” sözləri ilə əvəz edilsin;
2.2. 3.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.10 – 3.13-cü bəndlər əlavə edilsin:
“3.10. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;
3.11. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur;
3.12. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
3.13. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.”.
***
Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721; 2023, № 2, maddə 252, № 6, maddə 782, № 7, maddə 942) 4-cü hissəsində “2023-cü” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında fərman imzalayıb.
Fərmanın mətni ilə buradan tanış ola bilərsiniz.
***
Prezident İlham Əliyev “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılmalıdır.
Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla, təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Şəhərsalma Nəzarəti” altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-nə qədər təmin etməli, aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin və “Şəhərsalma Nəzarəti” altsisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Əsasnamənin “Elektron Tikinti Portalı” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları 2024-cü il yanvarın 1-dən, “Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.