MSK sədri: “Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar atılır”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib.
Bu, MSK sədrinin Ekspert qrupu üzvlərinə müraciətində əksini tapıb.
Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə – 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ərəfəsindədir: “Seçkilər ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilir. Ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu irimiqyaslı tədbirin Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında lazımi tədbirlər görülür, bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır”.
M.Pənahov vurğulayıb ki, geniş maarifləndirmə və məlumatlandırma proqramı üzrə nəzərdə tutulan layihələr seçicilər, aşağı seçki komissiyalarının üzvləri və müxtəlif statuslu digər seçki subyektləri kimi Ekspert qrupu üzvlərini də əhatə etməklə müvəffəqiyyətlə gerçəkləşdirilir.