Azərbaycanda kredit ödəmək mədəniyyəti formalaşıbmı?

 

Müşahidələr göstərir ki, Azərbaycanda insanların böyük əksəriyyəti götürdüyü kreditin ödənişinə məsuliyyətlə yanaşmır.

Kredit mütəxəssisləri deyirlər ki, indi ölkədə kredit tarixçəsi ideal olan, yəni gecikmə günlərinin sayı sıfır olan müştərilərə nadir hallarda rast gəlinir.

Yəni, kredit götürənlərin az hissəsi onun ödənişini vaxtında həyata keçirir. Əksər müştərilərdə 1-2 gün belə olsa gecikmə qeydə alınır. Bəzi müştərilər isə borcu alan kimi, kredit təşkilatının ünvanını yaddan çıxarırlar. Yəni, onları bəri başdan qətiləşdirirlər ki, krediti ödəməyəcəklər.

Bəs Azərbaycanda kredit ödəmək mədəniyyəti varmı?

“Report” mövzunu maliyyə bazarı üzrə ekspertlərlə müzakirə edib.

Ekspert Rəşad Həsənov deyir ki, Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra kredit təşkilatları, o cümlədən banklar kredit ödənişi məsələsinə daha həssas yanaşır, müştərilərlə aktiv işləyirlər, odur ki, son illər ölkədə kredit ödəmə mədəniyyəti sahəsində vəziyyət xeyli yaxşılaşıb:

“2015-ci ildən sonra ödənişdə məsuliyyətli davranış meyillərinin artdığı müşahidə olunmaqdadır. Çünki kredit təşkilatları müəyyən alətlərdən istifadə edirlər, o cümlədən, birbaşa kommunikasiya üsulu ilə çalışırlar ki, ödənişi vaxtında təmin etsinlər. Bundan başqa, kredit təşkilatları çalışırlar ki, kredit tarixçəsi müsbət olan, eləcə də daimi gəliri olan vətəndaşlara borc versinlər. Daimi gəlir əməkhaqqı, pensiya və digər sosial müavinətlər ola bilər. Bu halda haradasa işləyən adam yalnız maaşı gecikəndə kredit ödənişini gecikdirir”.

Ekspertin sözlərinə görə, gecikmə günlərinin sayı 30-u keçdikdən kredit təşkilatları sərt tədbirlərə əl ata bilərlər, amma bunlar qanun çərçivəsində baş verməlidir:

“Məsələn, bank işçisinin borcalanı təhdid etmək, hədələmək kimi hüququ yoxdur. O, sadəcə vətəndaşa xəbərdarlıq edə bilər ki, müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əmək etsin. Bu xəbərdarlığın yazılı və yaxud şifahi formada, birbaşa kommunikasiya üsullarından istifadə etməklə telefonla və yaxud digər formada vətəndaşa çatdırılması başadüşüləndir. Banklar kollektor agentliklərinin xidmətlərindən də istifadə edə bilər. Bütün bunlar da beynəlxalq təcrübədə var və kredit ödəmə mədəniyyətinin formalaşmasına xidmət edir”.

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, Azərbaycanda kredit ödəmək mədəniyyətinin formalaşdığını demək olar:

“Maliyyə sektoru devalvasiyadan sonra əziyyət çəkdi, amma hazırda kreditlərin ödənilməsi baxımından vəziyyət yaxşıdır. Xüsusilə son 2 ildə fiziki şəxslərə kreditlərin verilməsi ciddi nəzarət altındadır. Odur ki, kreditlər vaxtında ödənilir. Qaldı ki, müştərini krediti ödəmək üçün nəyəsə məcbur etməyə, banklar yalnız onun öhdəliyini yadına sala bilərlər. Bank işçilərinin mədəni və nəzakətli davranması, müştərinin öhdəlikləri haqqında ona etika çərçivəsində məlumat verməsi vacibdir”.

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 15,3% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8%, son 1 ildə isə 31,8% azalıb.

Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9% təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il oktyabrın sonuna isə 3,2% olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password