Priqojinin qətlini o təşkil edib – VSJ-dən sensasiya
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Vaqner”in rəhbəri Yevgeni Priqojinin qətlini şəxsən təşkil edib.
Bu iddianı Amerikanın “Voll Strit Jurnal” nəşri yayıb.
“Patruşev Putinə 2022-ci ilin yayında Priqojin təhlükəsi barədə xəbərdarlıq edib, lakin prezident onun sözlərinə qulaq asmayıb, çünki vaqnerçilər döyüş meydanında uğur qazanırdılar. Lakin 2022-ci ilin oktyabrında Priqojin Putinə zəng edərək sursat çatışmazlığından kobud şəkildə şikayət edəndə Rusiya Prezidentinin fikri dəyişir. Patruşev də həmin an Putinin kabinetində olub. Təhlükəsizlik Şurasının rəhbəri bildirib ki, Priqojin real təhlükəyə çevrilib və Kremlin gücünə hörmət etmir. Bundan sonra Putin Priqojinin Rusiya hərbi rəhbərliyi ilə ictimai münaqişələr də daxil olmaqla təchizatla bağlı sonrakı şikayətlərinə məhəl qoymayıb və onun zənglərinə cavab verməyib. 2023-cü ilin iyununda Priqojin üsyana başlayanda Patruşev nəzarəti ələ keçirib. Üsyan bitdikdən sonra isə Patruşev qətl planı hazırlamağa başlayıb”, – məlumatda deyilir.
Nəşrin Qərb kəşfiyyat orqanlarından olan mənbələrinə görə, Putinə bu planlar sonradan göstərilib və o, buna etiraz etməyib:
“Avqustun 23-də Priqojin Şeremetyevo hava limanında təyyarəsinin yoxlanılıb uçuşa hazırlanmasını gözləyərkən, məhz o anda təyyarənin qanadının altına kiçik bir bomba qoyulub”.