Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir – 33%.
Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.