Daşınar əmlak əsaslı maliyyələşmə ekosistemi canlanır – Sahibkarlara verilən kreditlərin həcmi artıb
“Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə daxil edilmiş bildirişlərin sayı 200 mini keçib…”
Azərbaycanda kreditlərin, maliyyə vəsaitlərinin əlçatanlığı ölkə iqtisadiyyatının ən aktual mövzularından biridir. Bu məsələdə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də mövcud olan qanunverici bazanın səmərəli çəkildə tətbiqi olduqca vacibdir. Bu baxımdan Azərbaycanda iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilmiş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulması kifayət qədər əhəmiyyətli addım sayıla bilər.
Xatırladaq ki, iqtisadi subyektlərin yaradılmış DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” ölkə prezidentinin 29 mart 2018-ci il tarixli fərmanına ölkə prezidentinin 4 sentyabr 2020-ci il tarixli fərmanı ilə dəyişikliklər təsdiq edilib.
Bu dəyişikliklərdən sonra Azərbaycan Mərkəzi Bankının (AMB) bu istiqamətdə gördüyü işlərin ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının gücləndirilməsi və yeni maliyyə alətlərindən geniş istifadəsini dəstəkləyəcəyi bəyan edilmişdi. Yaradılmış platformanın kredit müraciətləri zamanı təminatla bağlı çətinliklərin aradan qaldırılması və regionlarda əhali üçün daha rahat kreditləşmə vasitələrinin yaradılması imkanlarını genişləndirəcəyi bildirilirdi. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən işlərin ölkədə maliyyə vasitəçiliyini genişləndiricəyi və maliyyə-bank sektorunun səmərəliliyini artıracağı qeyd olunurdu.
Bəs ötən müddətdə bu gözləntilər özünü nə dərəcədə doğrultdu? DƏYDR-in yaradılması kreditlərin, maliyyə vəsaitlərinin sahibkarlar, fermerlər üçün əlçatanlığını təmin etdimi?
Bu və digər məsələlərlə bağlı Mərkəzi Bankın mövqeyini öyrənib, DƏYDR-in yaradılmasından sonra görülən işlərlə maraqlanıb.
Bu sistemdən istifadənin hansı səviyyədə olduğuna dair sualımıza cavab olaraq Mərkəzi Bankdan bildirilib: “Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”na əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) yaradılmışdır. Reyestrin fəaliyyəti kiçik və orta sahibkarlığın maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsində və kredit əlçatanlığının artırılması istiqamətində mühüm əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Reyestr beynəlxalq reytinqlərdə kredit əlçatanlığı indikatoru üzrə xüsusilə fərqlənir. Belə ki, 2020-ci ildə Dünya Bankının son reytinqi olan “Doing Business” hesabatında 190 ölkə arasından Azərbaycan müvafiq indikator üzrə 1-ci yerdə qərarlaşmışdır.
Reyestrə fəaliyyət göstərdiyi dövrdən bu günə kimi daxil edilmiş bildirişlərin sayı 200 mini keçmişdir. Ən çox istifadə edilən kateqoriyalar – bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlardır”.
Mərkəzi Bankdan verilən məlumata görə, son bir il ərzində Reyestrə daxil edilən yüklülük məlumatlarının sayı ötən illə müqayisədə 2 dəfə artıb: “Həmçinin bildiririk ki, Reyestr üzrə statistik məlumatlar dövrü olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsi vasitəsilə (Statistik bülleten) ictimaiyyətə açıqlanmaqdadır.
Reyestr 24/7 prinsipi ilə real vaxt rejimində xidmət göstərir. Reyestrdən ölkə ərazisində fəaliyyət göstərən bütün banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları, lizinq şirkətləri, həmçinin bir sıra beynəlxalq maliyyə institutları qeydiyyatdan keçmişlər”.
Bəs hazırda kiçik və orta sahibkarlığın maliyyə əlçatanlığının artırılması istiqamətində hansı işlər görülür? Sektorda yeniliklər gözlənilirmi?
Bu suallara cavab olaraq Mərkəzi Bankdan bildirildi: “Real sektor müəssisələrinin, o cümlədən kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının artırılması Mərkəzi Bankın əsas prioritetlərindən biridir. Son illərdə sahibkarlığa, o cümlədən, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşməsi üzrə prudensial çərçivə diferensiallaşdırılmış və təkmilləşdirilmişdir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin 3-cü rübündə 17% artaraq 6.7 mlrd. manat olmuşdur.
Eyni zamanda, mikro, kiçik və orta biznesin maliyyə xidmətləri ilə əhatə olunmasının yaxşılaşdırılması Mərkəzi Bankın növbəti illərdə əsas strateji hədəfləri sırasındadır. Bu istiqamətdə çoxsaylı təşəbbüslər müəyyən edilərək icrasına başlanılmışdır. Bu təşəbbüslərə misal olaraq maliyyə xidməti və məhsullarının diversifikasiyası, texnoloji və rəqəmsal infrastrukturun gücləndirilməsi, açıq bankçılığın tətbiqi, qeyri-bank maliyyə alətlərinin inkişaf etdirilməsi və digər mühüm layihələr daxildir”.