SƏNƏTİN MƏLƏYİ
Səsi, istedadı, ecazkar, güclü sənəti, bu uğurlu taleyi, ad-sanı, şöhrəti sənə Uca Rəbbimiz bəxş etdi. Sənə sənətin mələyi adını mən verdim.
Bu səsi, sənəti qoru, qorumaq borcundur. Allahın verdiyi gözəl qismətə sevinmək, dəyərləndirmək və qorumaq lazımdır. Bu, çox dərin hikmətdir. Axı sən Tanrının sevimli bəndəsisən.
Səni, ifalarını sevənlər çoxdur, kifayət qədər çoxdur. Lakin sevmək istəməyib qəbul emək istəməyənlər (daha doğrusu nadir ifalarına dözüm gətirə bilməyən, qəsdən, bilə-bilə ağızbüzənlər), bu boyda möcüzəli sənətə xor baxanlar, kor baxanlar, tor baxanlar, nankorlar, bədxahlar, qısqanclar və paxıllar da var.
Mən bunu öz səhifəmdə sənin haqqında yazdığım fikirlərə, yayımladığım ifalarına olan münasibətdən hiss edirəm.
Xəbislər, pis nəfslər, bəd nəfəslər, göz-nəzər, pis nəzər də az deyil. Onların hər biri sənin sənət gücündən, ilhamından, ortaya qoyduğun, sərgilədiyin çox zəngin sənətə qısqananlar, dözüm gətirə bilməyənlərdir. Bu bəd niyyətlərdən səni Uca Allah özü qorusun.
Səni acıqcan, qəsdən, hikkədən qəbul etməyənləri qeyd etmək istəməzdim, söyləməzdim də, bu mənə yaraşmır, xislətimə qəti uyğun deyil. Həmin kəslər qəsdən mənim fikirlərimə də acıqlı yanaşa bilərlər. Olsun. Təbii ki, bununla Kamiləyə vermək istədiyim sənət mələyi adını (status) onun əlindən almaq, mənim dilimdən qoparmaq heç də mümkün deyil. Bir məsəldə deyildiyi kimi “Yel qayadan nə qopara, nə apara bilər ki?” El arasında işlənən kəlamlarda, məsəllərdə çox mətləblərə toxunulur: “Barlı ağaca daş atarlar”. Bunu da deyirlər ki, Allah hər kəsə ürəyinəcən versin.
Sadəcə mən Allahın bu xalqa bəxş etdiyi nadir istedada malik sənət adamlarına insanların doğma, obyektiv, səmimi və vicdanlı yanaşmasını arzulayıram. Vicdan həssas, ciddi, gərəkli, dəyərli, çox yüksək bir işdir və əxlaq kateqoriyasına daxildir. Bəli, əxlaq. Əxlaq olmayan yerdə çox şey itirilə, haqq-nüzan pozula, milli dəyərlər sıradan çıxa və kimliyimiz tapdalana bilər.
Fransanın, həm də dünyanın böyük yazıçısı Viktor Hüqo yazır: “Yaxşı olmaq mümkündür, asandır. Çətin isə ədalətli olmaqdır. Ən mükəmməl ədalət vicdanlı olmaqdır”.
Mənim Kamilə Nəbili barədəki fikirlərimdən əndişələnənlər sırasında sənət adamları, müğənnilər, onların doğmaları, valideynləri, övladları, qohumları, yerliləri, qonşuları, dostları, tələbə yoldaşları, elliləri də var. Onları başa düşürəm. Bu təbiidir. Kim öz ayranına turş deyər ki? Kim öz doğmasını, əzizini başqasının ayağına verər ki…
Əziz yurddaşlar! Diqqətlə izləsəniz, görmüş olacaqsınız. Mən dəfələrlə yazmışam ki, son 40 ildən üzü bəri ölkəmizdə xeyli uğurlu, sənəti qəbul olunan, sevilən müğənnilərimiz yetişərək fəaliyyət götərməkdədirlər. Mən belələrinə hörmətlə yanaşır və dəyərləndirirəm.
Kamilə xanım. İstedadına, bütün ifalarına, bura qədər gəldiyin yola, qazandığın uğurlara, yüksək nailiyətlərinə dəyər verən təcrübəli, yaşlı bir sənət adamı, ağsaqqal kimi sənə tövsiyələrim də var. Müvəffəq olduqlarından, qazandığın dərin məhəbbətdən, şan-şöhrətdən baş gicəllənmə, yolunu azma, çaşma olmasın. Bunları gözləyib, bu mərhələni adlayıb keçsən, taleyinə bəxş olunan bu böyük istedada həmişə sevgi göstərsən, qucaqlasan, bağrına bassan, daim məhəbbət dolu hisslərlə qarşılasan, bu zaman Böyük Yaradan bəxtini yenə də gur işıqla, yaraşıqla, təravətli, ətirli güllərlə, təntənəli günlərlə bəzəyəcək. Axı sən sənət mələyisən!
Qoru, mənim balam, taleyini qoru, səsini, sənətini, sənə olan sevgiləri qoru, bəxtini qoru, axı sənə əsl cənnət bəxş olunub, hər kəsə qismət olmayan, pak, ətirli sənət cənnəti. Bəli, səhv etmirəm, doğru demişəm, SƏN SƏNƏTİN MƏLƏYİSƏN.
Repertuar aşıb-daşır,
Türk dünyasını dolaşır,
Səsin ruhumuza qarışır,
Dərin ünsiyyət qurmusan bizimlə,
Sən sənətin mələyisən Kamilə.
Dinləyən xəyala dalır,
Hər kəs böyük ilham alır,
Bəzən sözlər aciz qalır,
Adına yaraşır bu söz, bu kəlmə.
Sən sənətin mələyisən Kamilə.
Vətənimin bir parçası,
İşıq seli, nur parçası,
Müğənniliyin ucası.
Allah göndərib səni vergi ilə,
Sən sənətin mələyisən Kamilə.
Sevimli bəndəsisən Rəbbimizin,
Zövqümüzdə varsan hər birimizin,
İfanla əzbərisən dilimizin,
Əziz bəndəsən ölkəyə, bu elə,
Cəsarətlə gəldi bu fikrim dilə,
Sən sənətin mələyisən Kamilə.
ƏHSƏN RƏHMANLI
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tədqiqatçı