Bakı və İrəvanın birgə çağırışı: Növbə Parisindir
Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəklərsə, İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilarlarda və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə açıq və gizli fəaliyyətinə son qoymalıdır. Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərginliyə qayıdacaq.
Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazir Aparatının birgə bəyanatına münasibətində qeyd edib.
Politoloq qeyd edib ki, xarici siyasi mərkəzlər də Azərbaycan əleyhinə “etnik təmizləmə” ittihamı və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidirlər:
“Çünki onların bu addımları Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında belə bir cümlə var: “Beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verməyə, Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırıq”. Yəni bu cümləni belə də oxumaq olar: “Bəyan etdiyiniz kimi, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq istəyirsinizsə, iki ölkənin birgə səylərinə zərbə vuracaq siyasət yürütməyin, gərginlik yaradacaq açıqlamalar verməyin”.
Vaşinqton Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, növbə Parisindir”.