Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilib

 

Beş dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bu xüsusda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, Ermənistan tərəfindən törədilən maneçilik, habelə Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə qarşı tərəfə məlumat verib.

Bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password