Əslən İrəvandan olan azərbaycanlı hərbi ekspert 35 ildən sonra doğma şəhərində – VİDEO
Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.
Bu barədə hərbi ekspert özü məlumat verib.
“35 ildən sonra doğma şəhərimə səfər etdim, məhləmizə getdim. 17 yaşıma qədər Komitas küçəsi, 5A-da yerləşən evimizdə yaşamışam. Evimizi ziyarət etdim. 35 ildən sonra 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam”, – deyə Telman Qasımov vurğulayıb.
Hərbi ekspert əlavə edib ki, o, uşaqlığını qədim Azərbaycan şəhəri olan İrəvanda keçirib.
“Mən Ermənistan hakimiyyətinə sübut etdim ki, onların təhlükəsizlik sistemi mövcud deyil, dövlət sərhədi, ümumiyyətlə, qorunmur”, – deyə Telman Qasımov qeyd edib.
Onun sözlərinə görə, onun İrəvana səfərindən yerli sakinlərdən heç birinin xəbəri olmayıb. O, xüsusi xidmət orqanlarının nümayəndələri ilə Ermənistan paytaxtına gedib və eyni qaydada geri qayıdıb:
“Əgər mən ora maneəsiz gedib qayıtmışamsa, azərbaycanlıların oraya dönməsi artıq zaman məsələsidir”.
Diqqətçəkən digər məqam isə Telman Qasımovun bütün sərhəd keçid məntəqələrinin nəzarətindən yayınaraq, heç bir pasportsuz Ermənistana səfər edə bilməsidir:
“Erməni dilini mükəmməl bildiyim üçün ermənilərdə heç bir şübhə yaratmadım. Üstəlik, görkəmimi dəyişmişdim ki, məni tanımasınlar. Axı onlar məni tanıya bilərdilər”.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı məsələyə gəlincə, azərbaycanlı hərbi ekspert söyləyib ki, bu, beynəlxalq hüquq normalarına uyğundur:
“Ermənistandan deportasiya edilmiş şəxslərin və onların övladlarının öz vətənlərinə qayıtmaq hüququ var. Hazırda Bakıda beynəlxalq konfrans keçirilir, Qərbi Azərbaycana qayıtmağın təhlükəsizliyi müzakirə olunur. Burada müxtəlif ölkələrin nümayəndələri, ekspertlər çıxış edirlər. Mən də öz növbəmdə buradayam. Planlarımız gerçəkləşməlidir”.
İrəvanda olarkən öz müşahidələrini aparan Telman Qasımov qeyd edib ki, oradakı hazırkı vəziyyət Azərbaycanda 90-cı illərin əvvəllərini xatırladır:
“Əlbəttə, orada zəngin insanlar da var, onlar yaxşı restoranlarda yemək yeyirlər, bahalı avtomobillər sürürlər. Bu xüsusi ilə gecə vaxtı nəzərə çarpır, orada həyat qaranlıq düşəndən sonra başlayır. Amma ümumilikdə vəziyyət çox acınacaqlıdır. Ermənilər müharibədən sonra şokdadırlar. Təsəvvür edin ki, hələ də Qarabağdan köçkün düşənlərin heç də hamısı yerləşdirilməyib, mənzillə təmin olunmayıblar. Onların bir çoxu hələ də maşınlarında gecələyir. Bu insanlar küçələrdə gəzişirlər, onları hər yerdə görmək mümkündür. Mən orada olduğum müddətdə elektrik enerjisinin verilişi iki dəfə məhdudlaşdırıldı”.
Mənbə: Minval