ABŞ-dan Ukrayna açıqlaması: “Savaşın içinə atdıq, istədiyi silahı vermədik”
Ukrayna yayda başlayan əks-hücum zamanı hamının ümid etdiyi irəliləyişə nail ola bilmədi.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus deyib.
Onun sözlərinə görə, 2023 hər kəsin hər iki tərəfin irəliləyişə nail olub-olmayacağını izlədiyi il oldu:
“Ukrayna niyə belə vəziyyətə düşdü? Hərbi texnikaların verilməsində gecikmələr oldu, tanklarımız yenicə çatdı. M1 ilə bağlı qərarlarda gecikməyimiz, “Leopard” tanklarının təsdiqini gecikdirməyimiz, çox faydalı ola biləcək kaset sursatları, çoxməqsədli və uzaqmənzilli raket sistemləri, nəhayət, müasir təyyarələrlə bağlı qərarları ləngitdik.
Bizim doktrinamız deyir ki, cənubda müdafiə xətlərini yarmaq üçün hava üstünlüyü və bir çox başqa şeylər lazımdır. Biz isə ukraynalılara bunları verməmişik”.
Petreus Qərbin Ukraynada müharibəyə səbəb olan səhvlərinə də diqqət çəkib:
“Hesab edirəm ki, Vladimir Putinin Ukraynanın işğalına görə məsuliyyətdən qaça biləcəyinə qərar verməsinin səbəblərindən biri Krımın işğalından sonra kifayət qədər iş görməməyimizdir”.