Lavrov Skopyedə erməni həmkarı Mirzoyanla görüşü məzəmmətlə başladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Mediada görüşün ilk dəqiqələri barədə görüntülər yayılıb. Kadrlarda Lavrovun Ermənistanın Vyanada və ATƏT-dəki səfirinin fəaliyyətinə görə Ararat Mirzoyanı məzəmmət etməsi əks olunub.
Qeyd edək ki, Ermənistanın Avropa ölkələrindəki səfirləri Rusiya əleyhinə kampaniyalarda fəal iştirak edir, bununla da Qərbin rəğbətini qazanmağa çalışırlar.
Yeri gəlmişkən Rusiya XİN media üçün qapalı olan görüş barədə sonradan məlumat yayıb. Bildirilib ki, Lavrov və Mirzoyan arasında qısa söhbət zamanı ikitərəfli gündəliyin cari məsələlərini, o cümlədən beynəlxalq platformalarda və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına əsaslanaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.